17 yanvar tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Avtomatlaşdırma və Kompüterləşdirmə şöbəsi 2021-ci il üzrə fəaliyyət hesabatını slayd formatında təqdim edib.
Təqdimatda qeyd olunub ki, şöbə kitabxanaya il ərzində daxil olan resursların, çap məhsullarının elektron kataloqa daxil edilməsi, kitabxana fondunun elektron bazasının redaktəsi, yoxlanılıb tam şəkildə istifadəyə verilməsini həyata keçirib. Oxucu sorğularına əsasən tələb olunan kitabların tam mətni hazırlanaraq istifadaçilərə təqdim olunub. Kitabxananın proqram təminatı yenilənib və işçilər üçün müvafiq təlimat aparılıb. Elektron kataloqda yaradılmış mövzü bazaları redaktə edilmiş, yeni mövzüda digər bazalar yaradılıb. İRBİS 64+ proqramının “Qızıl fond” adlı bazasında 1302, “Yeni kitab” bazasında 2400 kitab PDF formatda yerləşdirilib.
Şöbənin hesabatında qeyd olunub ki, kitabxananın yenilənmiş saytı müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə istifadəçilərin tələblərinə uyğunlaşıb. Yenilənmiş sayt istifadədə daha sadə, rahat, əlçatan, yeni materiallarla zənginləşdirilmiş və xüsusi məna kəsb edən tərtibatla yığılmışdır. Avtomatlaşdırma və Kompüterləşdirmə şöbəsinin təşəbbüsü ilə yenilənmiş saytda oxucular poçt ünvanlarını qeyd etməklə kitabxanaya abunə ola bilərlər. Ən başlıca yeniliklərdən biri də kitabxananın oxuculara toplu mesaj göndərməsidir. Belə ki, kitabxanaya daxil olan yeni kitablar, tədbirlər, elanlar haqqında məlumatlar oxuculara eyni vaxtda ötürülə bilir. Sayt hazırda Azərbaycan dilində, yaxın günlərdə isə rus və ingilis dillərində istifadəyə veriləcək. Həmçinin, yenilənmiş sayt Google Play vasitəsi ilə mobil telefonlara yüklənir.
Kitabxananın direktoru Şəhla Qəmbərova görülən işlərə görə şöbənin kollektivinə təşəkkür edərək öz tövsiyələrini verdi.
Tədbirdə çıxış edən direktor müavini Zahirə Dadaşova vebsaytın bölmələrində yeniliklər üçün təkliflər verdi və şöbənin fəaliyyətini yüksək qiymətləndirdi.
Тəqdimat kitabxana işçilərinin böyük marağına səbəb oldu.