Respublika Uşaq Kitabxanasının 8-ci Beynəlxalq Kitab Sərgisində silsilə tədbirləri davam edir.
Oktyabrın 8-də, sərginin “Xurşidbanu Natəvan” təqdimat zonasında “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və “Sultan” Cizgi filmi studiyasının tərəfdaşlığı ilə yazıçı Sevinc Nuruqızının “Pıçıltı” kitabının təqdimatı baş tutdu. Kitabın ideya müəllifi və naşiri Tural Axundov, rəssamı Nigar Mustafayevadır.
Sevinc Nuruqızının Gəncə terrorunun günahsız qurbanları olan uşaqlara ithaf etdiyi “Pıçıltı” bütün canlıların və cansızların məhvinə səbəb olan terrora “YOX” deyənlərin haqq səsidir. Kitabın ilk səhifələrində deyildiyi kimi: “Əslində, təbiət pıçıltılarla doludur... Biz eşitmədiyimiz pıçıltılarla... Səsini insana çatdıra bilməyənlərin pıçıltısı ilə... Arzularını səmalara ötürənlərin, istəklərini ağ-gümüşü buludlara pıçıldayanların səsi ilə... Çiçəklərin, böcəklərin, küləklərin pıçıltısı ilə... Quşların, daşların, yağışların pıçıltısı ilə... Dünyanı cənginə alan terrora, müharibələrə “YOX” deyənlərin pıçıltısı ilə... Bu yaşıl, mavi, günəşli planeti uşaqların əlindən alanlara etiraz edənlərin haqq səsi ilə...“
Təqdimatda çıxış edən yazıçı Sevinc Nuruqızı, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, gənc rəssam Nigar Mustafayeva kitab və onun mahiyyəti haqqında ətraflı məlumat verdilər.
Təqdimatdan öncə “Sultan” Cizgi Filmi studiyasında çəkilmiş “Pıçıltı” cizgi filminin təqdimat animasiyası və 3 nomrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının azyaşlı aktyorlarının ifasında səhnələşdirilmiş “Pıçıltı” kompozisiyası təqdim olundu.
Təqdimatın keçirilməsində əsas məqsəd rəqəmsal əsrdə uşaqların intellektual inkişafında kitabın və mütaliənin rolunu artırmaq, uşaq və yeniyetmələri mütaliəyə həvəsləndirməklə yanaşı, uşaq ədəbiyyatı sahəsində ərsəyə gələn yeni əsərlərlə tanış etmək, yazıçı və oxucu arasında kommunikasiya xidmətini yüksək səviyyədə həyata keçirtməkdir.