F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 8 noyabr - Zəfər gününə həsr olunmuş ”Qarabağ abidələri - uşaqların gözü ilə” adlı 10-15 yaş məktəblilər arasında keçirilən əl işləri müsabiqəsi yekunlaşdı. Müsabiqəyə qatılan yaradıcı oxucular çoxsaylı əl işləri təqdim etdilər. Əl işləri 05.11.2021- ci il tarixində kitabxananın böyük oxu zalında sərgiləndi.
Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova uşaqlara dəstək olan valideynlərin və müəllimlərin əməyindən danışaraq uşaqların milli vətənpərvərlik ruhunda tərbiyəsinin vacib olduğunu vurğuladı. Bildirdi ki, bu gün uşaqlar işğaldan azad olan mədəniyyət abidələrimizi hazırlayaraq öz dünyagörüşlərini, təfəkkür formalarını ortaya qoymağa çalışmışlar. Bədii yaradıcılıqla məşğul olmaq onların bədii zövqünü, təxəyyülünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Milli mənəvi dəyərlərimizin aşılanması istiqamətində uşaqlarla valideynlərin birgə yaradıcılıq işi xüsusi əhəmiyyətə malik olmaqla gələcəkdə öz bəhrəsini verəcək. Digər çıxış edənlər də uşaqların əl işlərini qiymətləndirərək onlara təhsildə uğurlar dilədilər. Təqdimatda kitabxana əməkdaşlarının hazırladığı “Qarabağ abidələri uşaqların gözü ilə” adlı video çarx tədbir iştirakçıları tərəfindən izlənildi. Tədbirdə Ombudsman aparatının əməkdaşları Azər İsalı və Azadə Novruzova, psixoloq Aydan Xasməmmədzadə, uşaq yazarı Sevinc Nuruqızı, Gəncliyə Yardım Fondunun və AMEA Ədəbiyyat İnstitutunun Uşaq şöbəsinin əməkdaşları, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun memarı Arifə İsgəndərova, əl işlərinin müəlifləri, general-leytenant K.A.Kərimov adına 8 saylı tam orta məktəbin 3a sinif şagirdləri və digər qonaqlar iştirak edirdi. Həmçinin, sərgiyə eşitmə və görmə qabiliyyəti məhdud olan oxucunun da əl işi təqdim edilmişdi. Müsabiqə iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırıldı.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarixi və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtmaq, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək idi.