24 oktyabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında növbəti "Nağıl saatı" təşkil olundu.
Kitabxananın böyük oxu zalında keçirilən görüş uşaq yazarı Zahid Xəlil ilə oxucular arasında baş tutdu.
Zahid Xəlilin şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, vətəni sevmək, doğru danışmaq və bu kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir.
Yazıçının bütün hekayələri özünün rəngarəngliyi ilə güclü bir yazıçı təxəllüyünün, fantaziyasının məhsulu olub, xeyir qüvvələri şərə qarşı qoyur.
Uşaqlar üçün yazıb-yaradan Zahid Xəlil çoxlu mənzum nağıl, poema, nəğmə mətnləri, yanıltmac və tapmacalar da yazmışdır. Kitabları Moskvada, Sloveniyada, Fransada, Almaniyada və başqa xarici ölkələrdə çap olunaraq yayılmışdır.
Görüşdə Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta məktəb və 229 nömrəli tam orta məktəbin müxtəlif sinif şagirdləri iştirak edirdilər.
Görüş çərçivəsində, uşaqların sevimli yazıçısı Zahid Xəlil oxuculara həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O, yenicə nəşr olunmuş “Dəmir Yumruq” adlı kitabı haqqında geniş bəhs etdi. Müəllif kitabdan “Dəmir Yumruq”, “Poladın igidliyi”, “Bayrağım” kimi bir sıra vətənpərvərlik ruhunda qələmə alınmış şeirlərini oxucular üçün səsləndirdi.
Zahid Xəlil görüş zamanı uşaqlarla maraqlı diskussiyalar apardı, məktəblilərin söylədikləri şeirləri böyük maraqla dinlədi və onların suallarını cavablandırdı.
Görüş xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.