03.11.2021-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 8 noyabr - Zəfər gününə həsr olunmuş “Rəşadətlə yaşayanlar - Ölümü fəth edənlər” adlı ümumrespublika hekayə müsabiqəsinin yekun mərhələsi “LİBRAF” Kitab Evində baş tutdu. Hekayə müsabiqəsinin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hislərin aşılanması, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməklə istedadlı gəncləri üzə çıxarmaq idi.
Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı.
Təqdimatı giriş sözü ilə açan F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında bildirdi ki, hekayələrin hər birini oxuduqda, bir insan ömrünün taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə, dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası hərbi vətənpərvərlik mövzusunda bir çox tədbir və layihələr həyata keçirmişdir. Xalgımız bu qələbə sevincini yaşadan qəhrəman oğullarınımızı illər, hətta əsrlər keçsə belə unutmayacaq, daim adlarını qürür hissi ilə anacaq. Ş.Qəmbərova vurğuladı ki, hekayələrin hər biri böyük vətənpərvərlik hissi ilə yazılıb.
Kitabın ideya və ön sözünün müəllifi Zahirə Dadaşova çıxışında yalnız Vətəni müqəddəs sayaraq canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olmasını qeyd etdi. “Ünvansız məktub”, “Şəhid qardaşım” hekayəsində şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti göstərilir. “Ölməzliyə qovuşan Cəbrayıl” və “Biri vardı, bir yox…” hekayələrində uşaqlar Azərbaycanın xoşbəxt gələcəyini, şəhid şəhərlərin abad, firavan olduğunu, şəhidlərin heç vaxt unudulmadıqlarını ürəklərinin səsi ilə qələmə alıblar. Kitabdakı hekayələr və şəkillər uşaq və yeniyetmələrə aiddir.
Müsabiqə çərçivəsində təqdim olunan hekayələrdən 25-i münsiflər üzləri tərəfindən seçilərək “Ölümü fəth edənlər” adlı kitaba daxil edilib. Kitab “Təhsil” nəşriyyatında nəşr olunub.
Təqdimatda şəhid ailələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva, uşaq yazarlarından Zahid Xəlil, kitabın redaktoru Sevinc Nuruqızı, Mehriban Nağıyeva, Mina Rəşid, publisist Nəzakət Məmmədova, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, hekayə müsabiqəsinin qalibləri, hekayələrə rəsm çəkən uşaqlar, KİV-in nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Tədbir çərçivəsində çıxış edən qonaqlar müsabiqənin əhəmiyyətini vurğuladı.
Sonda müsabiqə qaliblərinə diplom, Xarıbülbül döş nişanı və kitab hədiyyələri təqdim edildi.