Azərbaycan ədəbiyyatı tarixində Abdulla Şaiq şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınmışdır. Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçmişdir. Şair ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır. Bu əsərlər məktəblərdə indi də tədris edilir. Onun uşaq və gənclər üçün yazdığı əsərlər gözəl lirik şeirlərdən, mənzum və mənsur hekayələrdən, nağıllardan, təmsillərdən və kiçik pyeslərdən ibarətdir .F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-Metodika şöbəsi tərəfindən hazırlanan vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulmuşdur
Vəsaitin I hissəsində ədibin həyat və yaradıcılığı haqqında məlumat verilir.
II hissədə isə virtual kitab sərgisi, onlayn müsabiqələr: rəsm, foto, əl işləri, inşa yazı, oxu müsabiqələri, “Milli uşaq ədəbiyyatının incilərini yaradan sənətkar” adlı virtual söhbət, “Abdulla Şaiq yaradıcılığında vətənpərvərlik” adlı onlayn dəyirmi masa, “Abdulla Şaiqin bədii və elmi-nəzəri irsi” adlı videokonfrans, ədibin nağılları əsasında çəkilmiş cizgi filmləri, “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” adlı virtual kitab müzakirəsi, viktorina sualları, video görüşün planı yer almışdır.
Vəsaitdə oxuculara ədibin “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Ovçu Məstan”, “Sehrli üzük”, “Nüşabə”, “Sultan Səncər və Qarı” mənzum nağılları, “Tülkü və Xoruz”, “Dəvə və Siçan”, “Arı və Eşşək”, “Tülkü və Dəvə” haqqında məlumat təqdim edilir.