F.Köçərli adına Respublika Uşaq kitabxanası və İdrak liseyinin birgə təşkilatçılığı ilə uşaqların sevimli yazarı Zahid Xəlil arasında onlayn görüş keçirilib.
Onlayn görüşdə, İdrak liseyinin müəlliməsi Samirə Nəbiyeva çıxışında bildirdi ki, filologiya elmləri doktoru, professor Zahid Xəlil Azərbaycan poeziyasında görkəmli yer tutan yazarlardandır. O, yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Uşaqların sevə- sevə oxuduğu “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” və s. şeir və nağıllar Zahid Xəlil yaradıcılığının bəhrəsidir. Onun şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, Vətəni sevmək, doğru danışmaq və s. bu kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir.
Onlayn görüş çərçivəsində, yazıçı və şagirdlər arasında “Ballıca” əsəri geniş müzakirə edildi.
Görüşdə iştirak edən Respublika Uşaq kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxışında qeyd etdi ki, kitabxananın onlayn xidməti kitabxananın vahid elektron bazasında olan elektron resurslar əsasında həyata keçirilir. Həmçinin, elektron resursu olmayan ədəbiyyatlara sorğu qəbul edilir, tez bir zaman ərzində rəqəmsallaşıdırılaraq oxucuların istifadəsinə verilir. Zahid Xəlil uşaq psixologiyasını yaxından bilən yazıçılarımızdandır. O, 13 il F.Köçərli adına Respublika Uşaq Kitabxanasından ayda bir dəfə yayımlanan “Çıraq” verlişinin aparıcısı olub, bir çox şair və yazıçılarımızın yaradıcılığı ilə uşaqları yaxından tanış edib. Zahid Xəlil 2011- ci ildən Respublika Uşaq kitabxanasının həyata keçirtdiyi “Uşaq Kitab Karvanı” layihəsində yaxından iştirak edib, bölgələrdə oxucularla görüşüb.
Uşaq yazarı Zahid Xəlilin iştirak etdiyi onlayn görüşdə, uşaqlarla maraqlı diskussiyalar aparıldı. Liseyin 4a sinif şagirdləri öz maraqlı sualları ilə yazıçıda xoş təəssüratlar yaratdılar.