11 aprel tarixində, Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbinin 4-cü sinif şagirdləri, uşaq yazarı Reyhan Yusifqızı və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunduğu barədə bu günlərdə növbəti onlayn görüş keçirildi. Uşaqları daima mütaliəyə və kitab oxuyaraq inkişaf etməyə yönləndirmək baxımından kitabxanaların rolu əvəzsizdir. Onlayn görüşün keçirilməsində əsas məqsəd - koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yaratmış olduğu vəziyyətlə əlaqədar kitabxananın virtual xidmət göstərdiyi günlərdə uşaqlara sosial şəbəkələr və digər informasiya saytları ilə yanaşı həmdə skyp vasitəsi ilə canlı görüşə çıxaraq saytdan düzgün istifadə qaydalarını izah etmək, kitabxananın həyata keçirdiyi səmərəli layihələr barədə məlumatlandırmaq, həmçinin, evdə qaldıqları müddəti daha səmərəli və faydalı keçirmələri üçün maarifləndirici tövsiyyələr verməkdir. Görüş çərçivəsində Ş.Qəmbərova oxuculara uşaq ədəbiyyatından, kitabxananın internet ünvanında edilən yeniliklərdən və onlardan düzgün istifadə qaydalarından, eləcə də, karantın müddətində kitabxananın həyata keçirdiyi layihələr haqqında geniş məlumat verdi. Ş.Qəmbərova uşaqları karantindən sonra kitabxanaya ekskursiyaya dəvət etdi. Uşaq yazarı Reyhan Yusifqızı görüşdə uşaqlarla maraqlı diskussiyalar apardı. Uşaqları maraqlandıran bütün suallar ətraflı cavablandırıldı. Yazar uşaqlara yeni çap olunmuş kitabları haqqında maraqlı məlumatlar verdi. Elmi və bədii məlumatlar verməklə şagirdlərin kitaba, elmə marağını artırmağa çalışdı.