Fevral 29-da Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1 saylı tam orta məktəbdə sevimli uşaq yazarı Reyhan Yusifqızı ilə görüş keçirildi, “Kainatın sirləri” adlı bədii kompozisiya təqdim olundu. Tədbirin qonaqları F.Köçərli adına Respublika Uşaq kitabxanasının əməkdaşları, uşaq yazarları Reyhan Yusifqızı və Aygün Bünyatzadə idi. Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində təşkil olunmuş uşaqların əl işlərindən ibarət “Kainatın sirləri” adlı sərgi ilə tanış oldular. Tədbir özünü müasir uşaqların yazarı adlandıran, elmi kütləvi və fantastik povestlər müəllifi Reyhan Yusifqızının trilogiyası əsasında hazırlanmışdı. Qeyd edək ki, müəllifin “Yaşıl gözlü qız“ kitabı elmi-fantastika janrda yazılmış birinci kitabıdır və kitab 2009-cu ildə Ankarada (Türkiyə) beynəlxalq müsabiqədə üçüncü mükafata layiq görülüb. Tədbir kosmik qəza nəticəsində Yer planetinə düşmüş 12 yaşlı yadplanetli qızın – Leminin Rüstəm, Kənanla dostluq səhnələrinin nümayişi ilə başladı. Məktəblilər bədii kompozisiyada Lemiyə kömək edir, Kainat haqqında bildiklərini Planetlərin ifasında göstərib, başqa sivilizasiyalardan bizim fərzimizi elmi faktlarla sübut etməyə çalışdılar. Yadplanetlilər Lemini aparmağa gəlsələr də Lemi onlarla getmir, dostlarına olan sədaqətini göstərir. Onlar birlikdə ulduz müharibələrinin qarşısını almaq, Yerin ekologiyasını məhv olmaqdan xilas etmək üçün yollar fikirləşirlər. Tədbir Leminin bütün uşaqları öz planetinə dəvət etməsi ilə başa çatır. Olduqca bilgiverici olan bu tədbir təbiət, kainat, astronomiyaya aid məlumatlarla zəngin idi. Tədbirdə iştirak edən məktəblilər mövzunu tam əhatə etməklə yanaşı, öz geyimləri, çıxışları, rəqsləri, mahnı ifa etmələri ilə də hamını heyran qoydular. Tədbir hər bir kəsdə xoş ovqat yaratdı. Tədbirdə çıxış edən Reyhan Yusifqızı tədbirin təşkilatçısı Həcər müəlliməyə öz təşəkkürünü bildirdi, tədbirdən böyük zövq aldığını diqqətə çatdırdı. Təbəssüm ordenli uşaq yazıçısı Aygün Bünyatzadə də çıxış edərək tədbirə çox həvəslə gəldiyini və uşaqların ifalarından məmnun olduğunu söylədi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova da öz növbəsində uşaqlarda intellektual, əxlaq, estetik, bədii inkişaf, dünyagörüşü, vətənpərvərlik, əməksevərlik kimi cəhətlərin formalaşmasında kitabın və kitabxananın rolu haqqında məlumat verdi və məktəbin bütün şagirdlərini kitabxanaya dəvət etdi.