Fevralın 3-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı ilə 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Gələcəyimizin Qarantıdır” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova gəncləri ürəkdən təbrik edərək onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini ünvanladı. Bildirdi ki, Azərbaycanda gənclərə qayğı dövlət səviyyəsində həyata keçirilən istiqamətlərdən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən “Gənclər siyasəti”nin əhəmiyyətindən danışan Z. Dadaşova qeyd etdi ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün lazımı şərait dövlət tərəfindən yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir. Tədbirdə 2020-ci il Könüllülər İli ilə əlaqədar “Könüllülər və kitabxana – Yeni İmkanlar Məkanı” layihəsi çərçivəsində kitabxanada təşkil olunacaq Könüllülər qrupuyla bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, “Könüllülər və kitabxana – Yeni İmkanlar Məkanı” layihəsinin əsas məqsədi uşaq və yeniyetmələr arasında mütaliənin təbliği istiqamətində könüllülərin kitabxanaya cəlb edilməsi, könüllülər qrupunun yaradılmasıdır. Layihə qarşısında duran əsas vəzifə: Gənclər arasında kitab və mütaliənin populyarlaşdırılması; ictimaiyyətin fikrini kitaba və mütaliəyə yönəltməklə cəmiyyətdə kitabxanaların nüfuzunu artırmaq; könüllülərlə birlikdə aksiyalar keçirməklə oxucu fəaliyyətini stimullaşdırmaq; yeniyetmə və gəncləri kitabxanada keçirilən tədbirlərdə aktiv olmaqla fəal iştiraka cəlb etmək; “İqtisadçı Tələbələrə Dəstək” İB-in sədr müavini Orxan Vəliyev çıxışında könüllü tələbə gənclərin gələcəkdə əmək fəaliyyətində burada yüksək təcrübə əldə edə biləcəyini diqqətə çatdırdı. Tədbirdə, kitabxananın əməkdaşları, fəal oxucuları, “İqtisadçı Tələbələrə Dəstək” İB-in üzvləri, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak etdilər. Tədbir gənclərdə böyük təəssürat doğurdu. Tədbir çərçivəsində layihə ilə bağlı diskussiya aparıldı, tələbələrə maraqlı olan suallar cavablandırıldı. Könüllülər “Gənclər gələcəyin qarantıdır!” adlı kitab sərgisi və kitabxananın şöbələri ilə yaxından tanış oldular. Sonda, Könüllülər qrupuna daxil olmaq istəyənlər qeydiyyata alındı.