Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası koronavirus pandemiyası və bununla əlaqədar ölkədə elan olunan xüsusi karantin rejimi günlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vəİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Kitab hədiyyəsi" aksiyasına ilk olaraq qoşulmaqla öz dəstəyini göstərdi. Layihə, ölkədə karantin xəstəxanalarında koronavirusdan müalicə alan uşaqlara dəstək məqsədilə həyata keçirilir. Aksiyaya Respublika Uşaq Kitabxanası ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən uşaq nəşriyyatları və uşaq yazarları, Bakı Uşaq Nəşriyyatı, Gəncliyə Yardım Fondu, uşaq yazıçısı Mehriban Nağıyeva da qoşuldular. Aksiya çərçivəsində qısa müddət ərzində 300-ə yaxın kitab toplanılmışdır. Aksiyanın təşkilində məqsəd - koronavirusdan müalicə alan uşaqların təcrid şəraitində vaxtını səmərəli keçirmələrinə yardım etmək, onların davamlı mütaliəyə həvəsini artırmaqla inkişafına kömək etmək, eləcə də mənəvi və psixoloji dəstək verməkdir.