Fevralın 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası İdrak liseyi ilə birgə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirdi. Uşaq yazıçısı, “Qızıl Kəlmə” mükafatı laureatı Sevinc Nuruqızının “Xocalı” pyesi əsasında hazırlanmış tədbir əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Kompozisiya şəklində təqdim edilən tədbirdə qeyd olundu ki, Azərbaycan xalqının tarixinə qanla yazılan 1992-ci ilin 26 fevral gecəsi erməni vandallarının dinc Xocalı sakinlərinə qarşı törətdiyi soyqırımdır. Tədbirdə səslənən musiqilər, tamaşa və bədii qiraət həmin gecə yaşananları bir daha tədbir iştirakçılarına xatırlatdı. Faciənin dərin hüznünü uşaqlar öz çıxışları ilə diqqətə çatdırdılar. Anım mərasimi tar və kamançada ifa olunan musiqinin müşaiyəti altında uşaqların səhnədə üçrəngli Azərbaycan bayrağının qaldırılması ilə yekunlaşdı. Tədbirdə çıxış edən uşaq yazıçısı Sevinc Nuruqızı uşaqlara gözəl çıxışlarına görə təşəkkür etdi və “Vətəndən uca” şeirini söylədi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Z.Dadaşova çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsinin acı nəticələrini hər kəs bilməli və daim yadda saxlamalıdır. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım aktı kimi təsbit olundu. Ulu öndər Heydər Əliyevin səyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində xeyli işlər görülmüşdür. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, soyqırıma obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən bu günə qədər “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası aparılır.