Oktyabrın 16-da, F.Köçərli adına Respublika Uşaq kitabxanasında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü şərəfinə həsr olunmuş “Türk birliyinə aparan yol” adlı tədbir keçirildi. Tədbirdə, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri, oxucular və.s qonaqlar iştirak edirdilər. Tədbir çərçivəsində, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası haqqında ətraflı məlumatı əks etdirən çarxlı video-slayd təqdim edildi. Sonra tədbir H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin təqdimatında konsert proqramı ilə davam etdi. Aşıq musiqiləri ilə yanaşı xalq musiqi nömrələri də ifa olundu. Tədbirdə, çıxış edən kitabxananın direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova tədbirin əhəmiyyətini vurğulayaraq, tədbir iştirakçılarına kitabxana tərəfindən nəşr edilən “Türk dünyasının nağıl bağı” kitabı haqqında məlumat verdi. O, öz çıxışını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə bitirdi: “Türk dünyasındakı həmrəyliyimizin daha da böyüməsi bizim üçün qürurdur”. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova musiqi məktəbinin rəhbərliyi başda olmaqla onun kollektivinə öz minnətdarlığını bildirərək, “Qarabağ şikəstəsi” ni ifa edən Xalq Çalğı alətləri ansamblının ən kiçik üzvü İsfəndiyar Dadaşova “Türk dünyasının nağıl bağı” kitabını hədiyyə etdi.
Sonda, musiqi məktəbinin şagirdlərinə kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi, xatirə şəkilləri çəkildi.