Mayın 13-da Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirildi. Tədbirdə, uşaq yazıçısı Sevinc Nuruqızı, pedaqoqlar, oxucular, valideynlər və.s qonaqlar iştirak edirdi. Tədbir çərçivəsində, Suraxanı rayonunda yerləşən 275 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin ifasında yazıçının “Əsmərin sehrli zənbili”, “Lovğa tülkü”, “Paxıl toyuq” nağılları əsasında hazırlanmış nağıl-tamaşa təqdim olundu. Nağıl-tamaşa vasitəsi ilə uşaqlar sağlam qida haqqında, həmçinin, paxıllıq və lovğalığın mənfi əxlaqi keyfiyyət olduğu barədə bir daha maarifləndilər. Tədbirdə çıxış edən kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirin keçirilməsində əsas məqsədin uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq olduğunu qeyd etdi. Uşaq yazıçısı M. Nağıyeva oxuculara öz yaradıcılığı haqqında geniş məlumat verdi. Yazıçı tədbir iştirakçılarını işıq üzü görmüş 6 nağıl kitabı ilə tanış etdi. Tədbirin sonunda, uşaqların hər birinə yazıçının imzaladığı nağıl kitabları və kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalları hədiyyə edildi.