Aprelin 20-də, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinatorluğunun birgə layihəsi çərçivəsində “Kitabın İşığın Olsun” adlı tədbir keçirildi. Tədbirdə, Türkiyədən gələn uşaq yazarlarından Vural Kaya, Bestami Yazğan və azərbaycanlı yazıçı Əziz Sultanov, Türkiyə Havaçılıq və Uzay Texnologiyaları müdiri Sərdar Hüseyn Yıldırım və azərbaycanlı uşaq yazarlarından Sevinc Nuruqızı, Elvira Məmmədova və Aygün Bünyadzadə və.s qonaqlar iştirak etdi. Tədbir, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Tədbirdə, çıxış edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, TİKA-nın Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim tədbirin mahiyyəti və əhəmiyyəti haqqında geniş məlumat verdilər. Qeyd etdilər ki, tədbirin əsas məqsədi, türk xalqlarının mədəniyyətini təbliğ etmək, uşaqların xarakterlərinin formalaşmasında kitabın ən yaxşı və əvəzsiz vasitə olduğunu diqqətə çatdırmaqdır. Tədbir çərçivəsində, 7 saylı musiqi məktəbinin ,3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbin şagirdlərinin və əməkdar artist Elnur Hüseynovun ifasında 23 aprel Uşaq Gününə həsr olunmuş şeirlər, mahnılar və rəqslər, kompozisiyalar təqdim olundu. Daha sonra, “Kəloğlan, Cırtdan, Molla Nəsrəddin” tamaşası tədbir iştirakçılarına göstərildi. Qeyd edək ki, layihə çərçivəsində, tərcümə edilən 30 min nüsxə türk uşaq yazarlarından Vural Kaya, Bestami Yazğan, Yavuz Bahaduroğlu, azərbaycan yazıçılarından Əziz Sultanovun müəllifləri olduqları 10 adda kitab kitabxanalara, təhsil müəssisələrinə, iştirakçı uşaqlara hədiyyə ediləcək.