Fevralın 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “ASAN” xidmət mərkəzi Beynəlxalq Kitab Bağışlama günü münasibətilə uşaq və yeniyetmələr arasında mütaliənin təbliği istiqamətində “Kitab tutan əllərin işığında” adlı tədbir keçirdi. Bu tarix uşaqlara kitab hədiyyə etmək üçün əlamətdar bir gün kimi təqvimə daxil olub. Təqvimdə bu gün, mövcud olduğu ildən dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloggerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb. Tədbirin keçirilməsində əsas məqsəd , gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxuculara kitab bağışlamaqla onların mütaliəsinə düzgün yanaşma, mütaliə mədəniyyətini yüksəltmək, onlarda kitaba olan məhəbbəti artırmaq idi. Bu il də tədbiri ölkəmizdə öz xidmət səviyyəsi ilə vətəndaşların rəğbətini qazanmış “ASAN” xidmət mərkəzində təşkil edildi. Mərkəzin xidmətlərindən istifadə edən valideynlər və uşaqlara kitablar hədiyyə olundu. Gün ərzində davam edən tədbirdə 500-dən çox uşaq ədəbiyyatı olan kitab və jurnallar uşaqlara bağışlanıldı.