Dekabrın 2-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Araxçın MMC/Silent Communication komandasının eşitmə məhdudiyyətli uşaqlar üçün təşkil etdiyi “Jest dili ilə nağıl saatı” gerçəkləşdi. Uşaq kitabxanasının təşkil etdiyi nağıl saatının növbəti qonaqları sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri oldu. İlk öncə kitabxananın əməkdaşı, təlimçi surdoloq Könül Quliyeva və Şamil Sabirzadənın iştirakı ilə ekskursiya təşkil edildi. Uşaqlar kitab sərgiləri, kitablar, oxu zalları və xidmət şöbəsi ilə yaxından tanış oldular. Onlara kitaba sevgi və mütaliə haqqında geniş məlumat verildi. Kitabxananın nağıl otağında isə Azərbaycan xalq nağıllarının qəhrəmanlarını müzakirə etdilər. Oxu zalında jest dilinə tərcümə olunmuş “Madagaskar1” cizgi filminin təqdimatı keçirildi. Sonda, uşaqlara kitablar hədiyyə edildi və xatirə şəkilləri çəkildi.