Martın 18- də, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş, “Məni itirməyin” adlı kitabın təqdimatına qatıldı. Tədbirdə, İsmayıl Şıxlının ailə üzvləri, Azərbaycan yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı və Sevinc Nuruqızı, İsmayıl Şıxlı yaradıcılığının tədqiqatçıları, məktəblilər və. s qonaqlar iştirak edirdi. Kitab, TEAS Press Nəşriyyat evində nəşrə hazırlanmış və Azərbaycan klassikləri seriyasına daxil olan ilk kitabdır. Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı əfsanə və rəvayətləri, hekayələri, cəbhə xatirələri daxil olmuşdur. Tədbir çərçivəsində, ədibin həyat və yaradıcılığını əks etdirən video-material, onun eyniadlı hekayəsi olan , “Məni itirməyin” əsəri məktəblilər tərəfindən təqdim olundu. Əsəri yazıçının gənc nəsilə verdiyi mesaj kimi qəbul etmək olar. Oxucular, “Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi:- Amanın günüdür, məni itirməyin, itirsəniz, bir də tapa bilmərsiniz” söylədilər. Həmçinin, təqdimatda ədibin öz səsi ilə mətbuata verdiyi müsahibələri də səsləndirildi. Tədbirdə, uşaq yazıçısı Sevinc Nuruqızı ədibə ithaf etdiyi şeiri söylədi və çıxışında bildirdi ki, İsmayıl Şıxlının bütün əsərləri maraqla oxunur, qələmə aldığı bütün hadisələr gerçək həyatdan götürülmüşdür. Həmçinin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova çıxış edərək, ədibin ədəbiyyatımızda unudulmaz şəxsiyyət olduğunu qeyd etdi. Vurğuladı ki, xalq yazıçısı, ictimai xadim, böyük pedaqoq İsmayıl Şıxlı ucaldıqca -ucalıb, söylənilən bütün əxlaqi dəyərlər yazıçıya irsən keçərək onun içində azad, zaman təsirindən xali mənəvi bir dünya yaratmışdır. Tədbirin sonunda, İsmayıl Şıxlının oğlu Elçin Şıxlı tədbirın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə, eləcə də tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.