Dekabrın 25- də, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Azərkitab” Kitab Təbliğatı Mərkəzində 31 dekabr – “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl”ə həsr olunmuş “Dostluq. Birlik. Həmrəylik” adlı rəsm sərgisi keçirildi. Tədbirdə, Bakı məktəblilərinin dünya nağılları əsasında çəkdikləri rəngarəng rəsmlər əsərləri sərgiləndi. Sərginin keçirilməsində əsas məqsəd, istedadlı uşaqları üzə çıxarmaq, mütaliəni təbliğ etməklə uşaq və yeniyetmələrdə mənəvi, əxlaqi keyfiyyətləri zənginləşdirməkdir. Tədbiri açan, kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları salamlayıb, onları bayram münasibəti ilə təbrik etdi. Direktor çıxışında bildirdi ki, çarı il ərzində kitabxananın fəaliyyəti olduqca məhsuldar keçmiş və il uğurla başa vurulmuşdur. Belə ki, il əzrində bir çox müxtəlif mövzuları əhatə edən layihələr və tədbirlər kitabxananın təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə çıxış edən, 30- dan çox nağıl kitabının illustratoru xalq rəssamı Arif Hüseynov, uşaq yazarı, professor Solmaz Amanova, gənc yazar Sarvan Kərimov tədbirin əhəmiyyətini vurğulayaraq gənc rəssamları çəkdikləri əsərlərə görə təbrik etdi və onlara gələcəkdə daha da böyük nailiyyətlər arzu etdilər. Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri ifa edildi və sərgiyə baxış keçirildi. Qeyd edək ki, sərgidə 100- ə yaxın rəsm əsərləri sərgilənmişdir.
Sonda, Respublika Uşaq Kitabxanası tərəfindən iştirakçı uşaqlara kitablar hədiyyə edildi.