Mayın 7-də, F. Köçərli adına Respubika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşları Binəqədi rayon N.Babayev adına 144 saylı orta məktəbin sagirdləri ilə birgə Əməkdar İncəsənət xadimi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, "Humay" mükafatı laureatı Baba Vəziroğlunun yaradıcılığına həsr olunmuş "Çağırsan gələrəm" başlığı altında tədbir keçirdi. Tədbirdə, Azərbaycan Respublikasının Əməkdar artisti Nahidə Orucova, ADMİU-nun doktorantı, Teatr Xadimləri İttifaqının məsul katibi, sənətşünas Aidə Qafarova, teatr xadimi, Həmkarlar ittifaqının sədri Elmira Kərimova, aktrisa Sonaxanım Vəliyeva, Elxan Məmmədov iştirak edirdi. Tədbirdən öncə tədbir iştirakçıları şairə həsr olunmuş kitab sərgisi ilə tanış oldular. Tədbirdə qeyd edildi ki, Baba Vəziroğlu ədəbi fəaliyyətə 1976-cı ildə "Ulduz” jurnalında çap etdirdiyi “Bir yaz axşamı” hekayəsi ilə başlayıb. Həmin vaxtdan Baba Vəziroğlu dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr edib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Uzun illər teleşirkətdə aparıcı işləyib, "Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında baş redaktor olub. 2002-ci ildən o, Kinematoqrafçılar İttifaqında idarə heyətinin katibidir. Baba Vəziroğlunun 1000-dən artıq şeirinə mahnı bəstələnib. O, həm də istedadlı ssenaristdir. Görüşdə, məktəblilərin ifasında şairin "Kim bilir", "Bağışla", "Çağırsan gələrəm", "Sən eə bir zirvəsən" şeirləri, "Can Qarabağ ", "Sən elə bir zirvəsən", "Sarı gəlin" musiqiləri səsləndi. Görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu məktəbliləri maraqlandıran sualları cavablandırdı. Tədbir, xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.