1 aprel tarixindən İtaliyanın Bolonya şəhərındə keçirilən beynəlxalq nüfuza malik olan Bolonya Uşaq Kitabı Sərgisinə ilk dəfə olaraq Azərbaycan da qatılmışdır. Sərgidə Azərbaycan nümayəndə heyətini Mədəniyyət Nazirliyi, F. Köçərli adına Respublika Uşaq Kitabxanası, Şərq-Qərb və digər nəşriyyatların nümayəndələri təmsil edir.Sərgidə 75 ölkədən 1200-dən çox iştirakçı, 25000 min beynəlxalq peşəkar satış nümayəndəsi, 700 jurnalist iştirak edir. Beynəlxalq sərgi çərçivəsində 280-dən çox dəyirmi masa, mühazirələr, müzakirələr, milli stendlərdə əməkdaşlıq üçün görüşlər və danışıqların aparılması nəzərdə tutulub. Sərginin 1-ci günündə Beynəlxalq Uşaq Kitabı Şurası Milli bölmələri üzvləri üçün konfrans keçirildi. Qeyd edək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Şuranın (İBBY) üzvüdür. Azərbaycan üçün ayrılmış stenddə son illərdə çap olunmuş uşaq ədəbiyyatı nümunələri, Azərbaycan incəsənəti, mədəniyyəti və tarixinə aid kitablar nümayiş olunur. Bərpanəşr layihəsi üzrə 47 kitab, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşrlərindən olan “Balalara hədiyyə”, “Türk dünyasının nağıl bağı”, “Əsrarəngiz Misir nağılları” kitabları maraqla qarşılanır. Eyni zamanda ölkənin beynəlxalq kitab sərgilərində millin nəşrlərin nümayişi və təşkil olunan maraqlı tədbirlər vasitəsilə iştirakı bütövlükdə Azərbaycan mədəniyyətinin böyük miqyasda təbliğinə xüsusi tövhə verməklə yanaşı, yerli nəşriyyat-poliqrafiya müəssisələrinin kitab sənəti sahəsində xarici təşkilatlarla əməkdaşlığa sövq edir. Boloniya kitab sərgisində yazıçılar, tərcüməçilər, naşirlər, rəssamlar və kitabsevərlər toplanır. Bu insanları birləşdirən uşaq ədəbiyyatına olan böyük sevgidir. Bolonya Beynəlxalq Uşaq Kitabı Sərgisi bu gün dünya kitab sənayesinin canlı ünsiyyəti üçün görşdüyü bir yerdir.