26 fevral 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədar anım mərasimi keçirdi. Mərasim Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Sonra kitabxananın Elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova Xocalı faciəsindən və həmin kütləvi qırğının nəticələrindən geniş bəhs etdi. Qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyevin 1 mart 1994-cü ildə verdiyi Fərmana əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Fərmana əsasən hər il 26 fevral saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sloveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti, Şotlandiya, Paraqvay parlamentləri, ABŞ-ın bir çox ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar “Ana fəryadı” abidə kompleksinə ziyarətlər təşkil olunub. Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə bir çox dövlətlərdə abidələr ucaldılmışdır. Hollandiya, Almaniya, Bosniya və Herseqovina, Meksika və Türkiyənin 4 şəhərində belə abidələr ucaldılmış, Xocalı şəhidlərinin adları lövhələrdə əks olunmuşdur. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” kompaniyası bu gün də bir çox dövlətlərdə böyük coşqu ilə keçirilir. Sonda, BDU- nun filologiya və kitabxanaçılıq informasiya fakültəsinin tələbələrinin və kitabxananın əməkdaşlarının iştirak etdiyi mərasimdə Xocalı faciəsinin həqiqətlərini əks etdirən sənədli film izləndi.