“Uşaq Kitab Karvanı” bölgələrdə layihəsi çərçivəsində davam edən silsilə tədbirlər respublikanın şimal-qərb bölgəsində 28 oktyabr tarixində başa çatdı. Qax, Zaqatala və Balakən rayonlarında keçirilən tədbirdə uşaqlar Azərbaycanın görkəmli uşaq yazarları Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Solmaz Amanova və Reyhan Yusifqızı ilə görüşüblər. “Uşaq Kitab Karvanı” layihəsi 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə uğurla həyata keçirilir. Səyyar kitab sərgiləri zamanı Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr edilmiş bədii kompozisiyalar balaca oxucuların ifasında təqdim edildi. Qeyd edək ki,tədbir ərəfəsində Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) uşaq şöbələrinin hər birinə nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, metodik vəsait, “Göy Qurşağı” və “Qaranquş” uşaq jurnalları hədiyyə edildi. Layihənin əsas məqsədi uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını ödəməkdir. Həmçinin, bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Ümumilikdə bu günə qədər layihə çərçivəsində 33 rayona 26 mindən çox kitab hədiyyə edilmişdir.