14 may 2018- ci il tarixində, Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları “Tanış olun, dostum Bəkkar” adlı nağıl- tamaşa təqdim edildi. Tədbir, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsinə əsasən 14-18 may 2018- ci il tarixində, “Misir uşaq ədəbiyyatı” həftəsi çərçivəsində nəzərdə tutulmuşdu. Tədbirə, Misirin Azərbaycandakı səfir müavini Hossam Başary, Unicef-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard, Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydi, Misir uşaq ədəbiyyatı üzrə böyük alim pr. Yaqub Əl Şaruni, Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov, Ombudsman aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndə, uşaq yazıçıları və.s qonaqlar iştirak edirdilər. Uşaqların ifasında təqdim edilən nağıl-tamaşada Azərbaycan, Misir eləcə də, dünya xalq nağıl qəhrəmanlarının obrazları nümayiş olundu. Maraqlı süjet şətti üzərində qurulan tamaşa, Misir nağıl qəhrəmanı Bəkkar və Azərbaycan milli nağıl qəhrəmanı Cırtdanın görüşü ilə başladı. Sonradan Bəkkarın itirdiyi kitabları Cırtdanla birlikdə axtarması və o zaman çərçivəsində hər iki ölkənin nağıl qəhrəmanları ilə dioloqları, eləcə də milli musiqilərə hazırlanmış xüsusi rəqs kompazisiyaları təqdim olundu. Nağıl- tamaşanın final səhnəsinin, Misir nağıl qəhrəmanı Bəkkarın itirdiyi kitablarını F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tapması isə azyaşlı tamaşaçıların sevinc və gurultulu alqışına səbəb oldu. Tamaşanın sonunda, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş. Qəmbərova tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi və qeyd etdi ki, kitabxana daima uşaqların maariflənməsinə, kitaba və mütaliəyə marağın artırılmasına çalışır. Məhz bugünkü nağıl tamaşanın da təşkil olunmasında əsas məqsədlərdən birincisi Misir və Azərbaycan nağıl qəhrəmanları ilə azyaşlılarımızı tanış etməkdir. Sonra söz, Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydiyə verildi. O, uşaqları belə məharətli çıxışa görə təbrik edib, Azərbaycan və Misir dövlətlərinin qardaş ölkə olduğunu və bir-birinə yaxın mədəniyyətə malik olduqlarını vurğuladı. Unicef-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard də öz növbəsində, tamaşanın maraqlı və möhtəşəm keçdiyini bildirdi. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti çıxışında, belə tədbirlərin gələcəyimiz olan uşaqların hərtərəfli inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Sonda, xatirə şəkilləri çəkildi. Qeyd edək ki, nağıl-tamaşanın təqdim olunmasında əsas məqsəd, Azərbaycan-Misir mədəni əlaqələrini möhkəmləndirmək, uşaq və yeniyetmələri hər iki ölkənin nağıl qəhrəmanları ilə yaxından tanış etmək idi.