17 dekabr 2018-ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Yasamal rayonundakı P.Nəzərov adına 60 nömrəli orta məktəblə birgə, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Əfsanəvi Mixaylo” adlı tədbir keçirdi. Tədbirdən öncə tədbir iştirakçıları, məktəb rəhbərliyi, kitabxana əməkdaşları Mehdi Hüseynzadənin abidəsini ziyarət etdilər və abidə önünə tər qərənfillər qoydular. Tədbirdə xalqımızın igid oğlu Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərindəki Sloveniya kəndlərində başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat-təxribat əməliyyatlarındakı uğurlarından söhbət açıldı. Şagirdlər Mehdi Hüseynzadənin şeirlərini söylədilər, “Uzaq sahillərdə” əsərindən səhnəcik göstərdilər. Sonra tədbir iştirakçıları kitabxana əməkdaşlarının hazırladığı “Əfsanəvi Mixaylo” çarxlı slaydı izlədilər. Sonra, çıxış üçün söz F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktor müavini Z.Dadaşovaya verildi. Z.Dadaşova çıxışı zamanı qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il iyunun 23-də Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının fəal nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilməkdədir. Qeyri-adi istedada, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik həmyerlimizə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan hakimiyyətinə gəlişindən sonra, Bakıda qəhrəmanın möhtəşəm abidəsi ucaldılmışdır. Daha sonra tədbirdə çıxış edən məktəbin direktoru öz nitqində vurğuladı ki, Təhsil nazirinin 17 iyul 2018-ci il tarixli F-495 nömrəli əmrinə əsasən oktyabr ayından demək olar ki, bir çox məktəblərdə Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir. Bu gün məktəbdə yüksək səviyyədə keçirilən tədbir üçün kitabxana əməkdaşlarına, şagirdlərə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, həqiqətən belə tədbirlər uşaqlarda vətənpərvərlik hissini aşılamaqla gələcəkdə layiqli bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Bu isə onu təsdiqləyir ki, bütün sahələrdə uğurlar qazanan Azərbaycan gəncliyi düşmən tapdağı altında olan torpaqlarımızı da, hər an azad etməyə hazırdır. Buna görə də xalqımız əmindir ki, yaxın vaxtlarda işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaqdır.