14 sentyabr 2018-ci il tarixdə SOS Uşaq Kəndində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və “Mickeys House” uşaq bağçasının birgə hazırladıqları “Dünyanın səsi – Sülhün qüvvəsi” adlı tədbir keçirildi. 21 avqust – 21 sentyabr Sülh aylığı çərçivəsində keçirilən tədbirdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi də iştirak edirdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbiri giriş sözü ilə açaraq qonaqları təqdim etdi, çıxışında “Sülh Günü” və “Sülh Aylığı”nın yaranma tarixi haqqında məlumat verdi. Qeyd etdi ki, sülh dinclik, əmin-amanlıq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyatda münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Çıxışının sonunda “Sülh Günü” münasibətilə uşaqları təbrik etdi, onlara xoş arzularını çatdırdı. Tədbirdə uşaq bağçasının balaca fidanları bir saatlıq əyləncəli proqramla çıxış etdi. Uşaqların təqdim etdiyi bədii kompozisiya, “Ağ göyərçin” Azərbaycan nağılı əsasında hazırladıqları tamaşa, şən rəqslər, mahnılar uşaqların sevincinə sevinc qatdı. SOS Uşaq Kəndinin sakinləri balacaların ifasında təqdim olunan nağılı heyranlıqla izlədilər. Tədbirdə hər bir uşağa kitabxana əməkdaşları tərəfindən kitab hədiyyə edildi. Uşaq bağçasının uşaqlarına isə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı verildi. Sonda çıxış edən SOS Uşaq Kəndinin direktoru Oleq Əmrahov təşkilatçılara öz dərin minnətdarlığını bildirərək, uşaqlara bu şən saatları bəxş etdikləri üçün tədbirdə iştirak edən bütün qonaqlara öz təşəkkürünü bildirdi