17 Yanvar 2018-cı il tarixində, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin əməkdaşları Yasamal rayonu 53 saylı məktəbdə “Şəhidlik zirvəsinə ucalanlar” adlı söhbət və Gülarə Munisin “ Son dayanacaq” adlı kitabında yer alan İlham və Fərizənin xatirəsinə həsr olunmuş “ 20 Yanvar gecəsi ” adlı əsərinin icmalını təşkil etdilər. İcmalda qeyd olundu ki: “ XX əsr tarixinə insanlığa, bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990- cı ilin 20 Yanvar hadisələrinin 28- ci ildönümü ərəfəsindəyik. 1990- cı il Yanvarın 19- dan 20-ə keçən gecə təpədən dırnağa qədər silahlanmış sovet ordusu heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Küçə və meydanlar insan qanına boyandı. Yüzlərlə dinc əhali qətlə yetirildi və ağır yaralandı. Bəşər tarixində görünməyən vəhşiliyə əl atıldı. ” Bundan başqa uşaqlara məlumat verildi ki, bu faciədə 137 nəfər şəhid olmuş, 700-dək insan ağır bədən xəsarəti almış, 800-dən çox Azərbaycan vətəndaşı qanunsuz həbs olunmuşdur. Tədbirdə, uşaqları maraqlandıran bütün suallar cavablandırıldı. Sonda, uşaqlar tərəfindən 20 Yanvar qırğını ilə bağlı söylənən şeirlər dinlənildi.