25 yanvar 2018- ci il tarixində, Firidun bəy Köçərlinin 155 illik yubileyi münasibətilə kitabxanamızın xidmət şöbəsinin əməkdaşları tərəfindən, Nərimanov rayonundakı Novruzov qardaşları adına 36 saylı tam orta məktəbin VII sinif şagirdləri ilə, görkəmli ədibin həyat və fəaliyyətindən bəhs edən Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabının icmalı və məktəbin VI sinif şagirdləri ilə səyyar xidmət təşkil olundu . İcmal zamanı qeyd olundu ki, “Azərbaycan ədəbiyyatı tarixinin yorulmaz və vətənpərvər tədqiqatçısı Firidun bəy Köçərli bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamışdır. Qədim musiqi mədəniyyətimizin beşiyi olan Şuşada dünyaya göz açmış, Firidun bəy Köçərli el sənətini dərin vətəndaşlıq hissi ilə sevərək qədrini bilmiş, şifahi ədəbiyyatın itib-batmaması və unudulmaması üçün qorumağı vacib hesab etmişdir. Odur ki, bir maarifçi kimi xalqın savadlanması yolunda əlindən gələni edirdi. O hesab edirdi ki, xalqın müdrikliyinin, sevinc və kədərinin, adət-ənənələrinin, parlaq şəkildə əks olunduğu bu nağıllar, uşaq oyunları, tapmacalar, atalar sözləri, məsəllər, yanıltmaclar, bayatılar, laylalar, oxşamalar millətin yoluna işıq salan əbədi mayakdır. Onun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir. Müəllif bu kitabda ən çox şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmişdir.“Balalara hədiyyə” kitabı Azərbaycan folklorunun ilk antologiyasıdır. Balalara hədiyyə” uşaqların fikrini aydınlaşdıran, xəyalını qanadlandıran, uşaqlara həyat və təbiət haqqında məlumat verən qiymətli bir inci xəzinəsidir.” Daha sonra səyyar xidmət zamanı şagirdlərə Filip Simsonun “Böyük pişiklər kəllə-kəlləyə”, Ancela Roystonun “Tropik meşələrdə qida zənciri», “Səhralarda qida zənciri”, “Okeanlarda qida zənciri” və s. kitablar təqdim olundu.