18 oktyabr 2018-ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə F.Köçərli adına Respublika Uşaq kitabxanası, Nəsimi rayonundakı 1, 54, 164, 211 saylı məktəblərlə birgə "Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!” adlı tədbir keçirildi. Tədbir 1 saylı məktəbin akt zalında keçirildi. Foyedə kitabxana əməkdaşları tərəfindən geniş kitab sərgisi təşkil olunmuşdu. Tədbirdən öncə bütün iştirakçılar sərgi ilə tanış oldular. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva tədbirdə çıxış edərək o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışdı. Qeyd etdi ki, XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqilliyinə qovuşmuşdur. Təəssüf ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilmişdir. Lakin azadlıq ideyası həmişə xalqımızın qəlbində yaşamışdır. Ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı əvvəlcə 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələnmişdir. O dövrdə Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı, çünki Azərbaycan milli maraqlardan çox uzaq olan, səriştəsiz şəxslər tərəfindən idarə edilirdi. Bu da Azərbaycanın əsl müstəqil dövlət kimi formalaşmasına imkan vermirdi. Natiq vurğuladı ki, yalnız 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edildi. Bu gün dahi liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Tədbirdə digər çıxış edənlər də vurğuladılar ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyimizin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Həmçinin, dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Tədbir iştirakçıları müstəqilliyimizin 27-ci ildönümünə həsr olunmuş “Müstəqilliyə aparan yol” adlı çarxlı video slaydı izlədilər. Məktəblilər müstəqilliyə həsr olunan rəngarəng, zəngin musiqi nömrələri təqdim etdilər. 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir şən əhval ruhiyyə ilə başa çatdı.