15 may 2018- ci il tarixində, “Misir Uşaq Ədəbiyyatı” həftəsi çərçivəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində F. Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycan Tərcümə Mərkəzi və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi olan “Əsrarəngiz Misir nağılları” kitabına rəsm əsəri çəkən rəssam uşaqlarla Misirin böyük alimi, uşaq yazarı, 400-dən çox kitabın müəllifi professor Yaqub Əl Şaruni ilə görüşü keçirildi. Görüş zamanı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqlara Misir Mədəniyyət Mərkəzinin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, Azərbaycan və Misir arasında mədəni əlaqələrindən geniş söhbət açdı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor Ş.Qəmbərova çıxışında, Uşaq ədəbiyyatı böyüməkdə olan nəslin tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyini və balacaları vətənpərvərlik, humanizm, düşmənə nifrət ruhunda tərbiyə etmək üçün yüksək səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə böyük ehtiyac olduğunu bildirdi. Söylədi ki, uşaq və yeniyetmələrin dünyagörüşünün artırılması eləcə də, antik sivilizasiyaların beşiyi hesab edilən qədim Misir mədəniyyəti ilə tanış etmək bu layihənin əsas məqsədlərindən idi. Ş.Qəmbərova tədbirin xüsusi qonağı olan Misir alimi, uşaq yazarı, professor Yaqub Əl Şaruni haqqında geniş məlumat verdi. Yaqub Əl Şaruni Misir nağılları əsasında çəkilən bu füsunkar rəsm əsərlərinə görə rəssam uşaqların hər birinə öz minnətdarlığını bildirdi və Misir nağıllarının uşaqların gözü ilə onların təxəyüllərində belə dəqiq canlanmasından çox məmnun olduğunu qeyd etdi. O Misir uşaq ədəbiyyatı ilə yanaşı öz yaradıcılıq fəaliyyətindən geniş söhbət açdı. O, uşaqlara olan sevgisinin onu 400- dən çox kitab müəllifi olmaya təhrik etdiyini bildirdi. Söylədi ki, Azərbaycan- Misir mədəni əlaqələri daima möhkəm bağlarla birləşməli və davam etməlidir. Sonda, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqların hər birinə bugünkü maraqlı görüş üçün öz dərin minnətdarlığını bildirdi. Xatirə şəkilləri çəkildi.Qeyd edək ki, “Misir Uşaq Ədəbiyyatı” həftəsi çərçivəsində davam edən tədbirlərin keçirilməsində əsas məqsəd, uşaq və yeniyetmələri Misir dövlətinin mədəniyyəti, ədəbiyyatı, folkloru ilə yaxından tanış etmək və onların dünyagörüşlərini artırmaq idi.