2018- ci il 29 avqust-2 sentyabr tarixində Yunanıstanın paytaxtı Afina şəhərində Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının 36-cı konqresi keçirilir. Konqresdə Azərbaycan Milli bölməsini F.Köçərli adına Respublika uşaq kitabxanasının İBBY üzrə əlaqələndirici kordinatoru, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova təmsil edir. Qeyd etmək istərdik ki, Yunanıstanın paytaxtı Afina şəhəri, kitab sənayesinin, ədəbiyyatın və oxunun dəstəklənməsi istiqamətində fəaliyyətinə görə 2018-ci ildə YUNESKO-nun Dünya Kitab paytaxtı elan edilmişdir. Bu il konqresdə dünya ölkələrindən uşaq ədəbiyyatı sahəsində çalışan 600-dən çox nümayəndənin iştirakı nəzərdə tutulmuşdur. Konqres ərəfəsində, 29 avqust tarixində Azərbaycanın qədim tarixini, ədəbiyyatını, incəsənətini və s. özündə əks etdirən kitablar Azərbaycanın Yuranıstandakı səfirliyinə hədiyyə edilmişdir. Qeyd edək ki, F.Köçərli adina Respublika Uşaq Kitabxanasi özündə Azərbaycan ədəbiyyatı fondunu əks etdirən guşələrin yaradılması məqsədilə bir çox dövlətlərin kitabxanalarina uşaq ədəbiyyatina dair kitablar hədiyyə etmişdir. Azərbaycanın Yunanıstandakı səfirliyinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı, həmçinin kitabxananın öz nəşrləri olan kitablar hədiyyə edildi. Görüş çərçivəsində Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev Yunanıstanın Soloniki şəhərində keçirilən sərgilərdən söhbət açdı, bildirdi ki, Azərbaycan ədəbiyyatının hər bir ölkədə təbliği məqsədilə Yunanıstanın böyük kitabxanalarına Azərbaycanla bağlı kitab kolleksiyası hədiyyə edilib. Bu kitab kolleksiyaları gələcəkdə həmin kitabxanalarda Azərbaycan ədəbiyyatı fondunun, Azərbaycan guşəsinin yaranması ilə nəticələnə bilər. Avropa dövlətlərində belə fondların yaranması çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, xarici ölkə vətəndaşları həmin ədəbiyyatların köməyi ilə ölkəmiz haqqında daha çox məlumat əldə etməklə yanaşı, ölkələr arasında mədəni əlaqələrinin yaranması, güclənməsi baxımından da sarsılmaz körpü ola bilər. Eldar Əliyev həmçinin bildirdi ki, Azərbaycanın dövlətçilik ənənələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycanın multikulturalizm ənənələri, mədəni irsimiz, ermənilər tərəfindən dağıdılan mədəniyyət abidələrimiz, Azərbaycanın turizm ehtiyatlarına dair nəşrlərin də xarici ölkə kitabxanalarına hədiyyəsi xüsusilə önəmlidir. Kitabları Yunanıstan səfirliyinə F.Köçərli adına Respublika uşaq kitabxanasın direktor müavini Zahirə Dadaşova təqdim etmişdir. Vəkillə görüşdə Zahirə Dadaşova Avropa ölkələri içərisində Yunanıstanda Azərbaycan ədəbiyyatı fondunun yaradılmasından və əməkdaşlıqdan məmnun olduğunu söyləyib. Bu addımı iki ölkə arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirən səfir, bildirib ki, hədiyyə olunan kitablar qısa müddətdə kitabxananın fondunda yerləşdiriləcək. Eldar Əliyev səmimi münasibətə görə kitabxana rəhbərliyinə təşəkkür edib və ölkələr arasında elmi-mədəni əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb. Görüş xatirə şəkillərinin çəkilişi ilə başa çatıb. Zahirə Dadaşova eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyada təqdim edilməsi istiqamətində gələcəkdə bir sıra addımlar atacaqları barədə də təkliflər irəli sürüb.