2001-ci ildən başlayaraq avqustun 1-i ölkəmizdə «Azərbaycan əlifbası» günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır. Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyimizin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunub. 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb, Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşib. Həmin il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalanıb.1 avqust “Azərbaycan əlifbası” günü ilə əlaqədar F.Köçərli adına Respublika uşaq kitabxanasının oxu zalında “Hər millətin ən qiymətli sərvətidir – Ana dili” adlı kitab sərgisi təşkil olundu. Kitabxanaya gələn oxuculara sərgi qarşısında bu günlə bağlı məlumat verildi, həmçinin kitabxananın foyesində monitorda çarxlı video slaydla dilimizlə bağlı bütün ədəbiyyatlar nümayiş olundu. Kiçik yaş qrupu üzrə xidmət şöbəsinin əməkdaşları Nəsimi rayonundakı 6 saylı uşaq bağçasında “Mənim ana dilim – mənim kimliyim” adlı tədbir keçirdilər. Tədbir Dövlət himninin ifa olunması ilə başlandı. Sonra söz tədbirin aparıcılarına verildi. Aparıcılar bildirdilər ki, dil bəşəriyyətin ən böyük nailiyyətidir. Şüurla sıx əlaqəsi olan dil bizə yalnız fikirlərimizi ifadə etmək imkanı vermir, həm də bizim milli kimliyimizi, genetik mənsubiyyətimizi ifadə edir. Bu çətin və şərəfli işi ana dilimiz həyata keçirir. Ana dili olmayan xalqın mədəni bir xalq kimi tanınması mümkün deyil. Ümumiyyətlə, dil hər bir xalqın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Alimlər haqlı olaraq qeyd edir ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. O da faktdır ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm əhəmiyyət daşıyır. Odur ki, dilimiz olmasa, biz çox şeydən təcrid olunarıq. Tədbirdə uşaqlar görkəmli Azərbaycan sairiləri və yazıçılarının əsərlərindən nümunələr söylədi, şeir və mahnılar ifa etdilər. Uşaqlar arasında “Tap görüm” adlı viktorina keçirildi. Fərqlənənlərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi. Sonda uşaq bağçasının rəhbərliyi tədbiri yüksək səviyyədə hazırladıqlarına ğörə kitabxana əməkdaşlarına öz minnətdarlığını bildirdi.