13 mart 2017-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı Xətai rayonundakı 222 saylı uşaq baxçasında milli bayramımız olan Novruz Bayramının axır çərşənbəsi olan torpaq çərşənbəsi və Novruz Bayramı münasibətilə “Novruz gəlir , yaz gəlir” adlı ədəbi bədii kompozisiya təşkil etdi. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Tədbirdə Bahar qız, Kosa və Keçəl uşaqları əyləndirdi. Uşaqlar bir-birinin ardınca “Qaval”, ”Çobanlar”, ”Səhənglə“ rəqslərini məharətlə ifa etdilər, maraqlı səhnəciklərlə qonaqları sevindirdilər. Sonra uşaqlar bahara aid şeirlər söylədi. Tədbirin sonunda F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2 saylı filialının əməkdaşları tədbir iştirakçılarını torpaq çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi.