20 noyabr 2017-ci il tarixində Misir Milli Kitabxanası və Arxivlər İdarəsinin nəzdindəki Uşaq Ədəbiyyatı Sənədləşdirilməsi və Araşdırılması mərkəzinin təşkil etdiyi, “ Əsrlər boyu Ərəb dünyasında uşaq ədəbiyyatı “ adlı konfransda, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi "Misir nağılları Azərbaycan uşaqlarının gözü ilə “ adlı rəsm sərgisi ilə iştirak edirdi. Tədbirdə, Ərəb ölkələrinin ziyalıları, uşaq kitabxanalarının rəhbərləri, uşaq yazarları, uşaq ədəbiyyatının tədqiqatçı alimləri və s. nümayəndələr iştirak edirdilər. II Beynəlxanlq konfransa İordaniya, Küveyt, Marokko, Livan, Fələstin, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri kimi bir çox müxtəlif dövlətlərdən nümayəndələr qatılmışdılar. Konfrans Azərbaycanlı uşaqların Misir nağıllarına çəkdikləri rəsm sərgisinin nümayişi ilə başladı. Sərgidə 30 nağıl əsasında çəkilmiş, 30 rəssam uşaqların 51 rəsm əsəri təqdim olundu. Sərgi Ərəb dünyasının uşaq ədəbiyyatı ilə məşğul olan mütəxəssisləri tərəfindən böyük rəğbətlə qarşılandı. Tədbiri Misir Milli kitabxanasının direktoru Dr.Nader Abdeldayem açaraq, gələn qonaqları və tədbir iştirakçilarını ürəkdən salamlayaraq, Misir Milli Kitabxanası və Arxivlər İdarəsinin sədri professor Əhməd Seyyid Məhəmməd Şövqinin salamlarını istirakçı qonaqlara çatdırdı. Daha sonra söz Uşaq Sənədləşdirilməsi və Tədqiqatları Mərkəzinin direktoru Xanım İman ABD Al Əzizə verildi. O da öz növbəsində tədbir iştirakçılarını salamlayıb, konfrans iştirakçılarına uğurlar arzuladı. Tədbir Ərəb ölkələrinin görkəmli nümayəndələrinin çıxışları ilə davam etdi. Sonra söz, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərovaya verildi. O, “Misir nağılları Azərbaycanlı uşaqların gözü ilə” adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, nağıllar şifahi xalq ədəbiyyatının ən çox sevilən janrlarından biridir. Qəmbərova, dünya ədəbiyyatının xalq nağıllarına xas olan ortaq xüsusiyyətlərindən geniş söhbət açaraq, Misir nağıllarının özünə məxsusluğunu qoruyaraq öz inkişaf dövrünü keçdiyini və bu nağıllarda onların öz milli adət və ənənələri ilə yanaşı köklərinə bağlılıqlarınında əks olunduğunu vurğuladı. O, çıxışında layihə haqqında söhbət açıb, Misir nağıllarından 30 nağılın Ərəb dilindən Azərbaycan dilinə tərcümə olunaraq yaxın vaxtlarda çap olunacağı barədə geniş məlumat verdi. Qəmbərova çıxışının sonunda Misir Uşaq Ədəbiyyatı Sənədləşdirilməsi və Araşdırmaları Mərkəzləri ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının mədəni və ədəbi əlaqələri üçün bundan sonra da bir çox layihələrin həyata keçirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini xüsusi ilə qeyd etdi.