2 Fevral Gənclər Günü münasibəti ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kollektivi “Kitab zehnimizə necə təsir edir?” mövzusunda kitab müzakirəsi təşkil etdi. Müzakirəni giriş sözü ilə kitabxananın Gənclər Təşkilatının sədri açaraq mövzu ilə bağlı fikirlərini bildirdi və müzakirədə iştirak edən kitabxanaçılara sual ünvanladı: "Hansı kitab sizə necə təsir edib və hansı kitabı oxumağı məsləhət görmək istəyirsiniz?" Kitabxananın əməkdaşı bildirdi ki, insan oxumamışdan öncə gərək birinci özünə sual versin ki, "mən niyə oxuyuram?" Gərək insanlar "plan doldurmaq" üçün yox, onlara faydalı olacaq kitablar oxusunlar. Oxucular arasında da bədii ədəbiyyatı təbliğ etməyin ən geniş yayılmış şifahi üsulu kitab müzakirəsidir. Ümumiyyətlə kitab müzakirələri oxucu fəallığının artmasına, bədii- estetik zövqlərin formalaşmasına, kitab üzərində müstəqil işləmək, oxuduqları çap əsərləri haqqında sərbəst fikir yürütmə bacarığının yaranmasına da təsir göstərir. Qərara alındı ki, bundan sonrakı müzakirələrdə gənclər, yaşlılar, ziyalılar, şagirdlər, tələbələr və başqa oxucular da fəal iştirak etsin. Yazıçı və şairlərlə oxucular arasında ünsiyyətin yaradılmasında, bədii ədəbiyyata meylin yaranmasında belə müzakirələr böyük əhəmiyyət kəsb edir.Müzakirə zamanı ulu öndər Heydər Əliyevin gənclərin təhsilinə, maariflənməsinə ayırdığı diqqət də nəzərə çatdırıldı. Qeyd olundu ki, bu gün 1996-cı ildə ulu öndərimiz Heydər Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Tədbirdə çıxış edən kitabxananın aktiv gəncləri qeyd etdilər ki, Ulu Öndərin gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti nəticəsində Azərbaycan gənci yüksək intellektual səviyyəsi və geniş dünya görüşünə görə dünya gəncləri sırasında ilk yerlərdə gedir.