25 yanvar 2017-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaqların maraq dünyasındakı əlamətdar tarixi günlərdən biri olan Dünya Uşaq İxtirası Günü ilə bağlı “Təcrübələrlə öyrənək!” adlı tədbir keçirildi. Tədbirdə Səbail rayonunda yerləşən A.S.Loginov adına 8№-li tam orta məktəbin 3a sinfinin şagirdləri iştirak edirdi. Şagirdlərə günün önəmi haqqında geniş məlumat verildi. Bütün dünyada məşhur olan alimlərin, ixtiraçıların, dahilərin uşaqkən icad etdikləri maraqlı ixtiralar, onların həyat hekayətləri, həmçinin amerikalı siyasətçi Benjamin Franklinin hələ 12 yaşında ikən ixtira etdiyi üzgüçülük üçün ilk predmet, yellənən kürsü, “meyvəli buzun” 11 yaşlı ixtiraçısı Frenk Eppersonun necə milyonçuya çevrilməsi, məktəbdən qovulan istedadsız uşaq Tomas Alva Edisonun kostyumunun qopmaqda olan düyməsinin sayəsində lampanı ixtira etməsi və dünyanı necə elektrik işığına çıxarması balacalarda böyük maraq doğurdu. Şagirdlər atasının emalatxanasında çəkməçi bıcağına ilişərək yıxılmış və 5 yaşında görmə qabiliyyətini itirmiş Lui Braylın 15 yaşında görmə qabiliyyəti məhdud olan insanlar üçün yaratdığı xüsusi şrift, Brayl şrifti ilə yaxından tanış oldular. Lui məhz bu ixtirası sayəsində oxumağı öyrənmişdi. Daha sonra uşaqlar təsadüfən tapılan maraqlı ixtiralar, yaponların icad etdikləri qəribə əşyalar haqqında video-çarxlı slaydları izlədilər. Şagirdlərin ən çox sevincinə səbəb olan isə maraqlı təcrübələr oldu. Onlar butulka, çöp, çay paketi, kibrit, boya, su, şar və s. ləvazimatlarla faydalı təcrübələr həyata keçirdilər. Tədbirin sonunda kitabxananın digər oxu zalları, nağıl otağı, abonement şöbəsi ilə tanış olan şagirdlərə “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.