Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Hər il olduğu kimi bu il də 21 avqust - 21 sentyabr “Beynəlxalq Sülh aylığı” ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlərlə öz oxucularını məlumatlandırır, sülhə səsləyir. 7 sentyabr 2017-ci ildə Beynəlxalq Sülh aylığı çərçivəsində açıq havada “Sülhün carçıları ” adlı dialoq keçirildi. Tədbir Nəsimi rayonunda yerləşən Zabitlər bağında sual-cavab formasında keçirildi. Dialoqda iştirak edən uşaqlara “Sülh deyəndə nə başa düşürsünüz?”, “Sülhü necə bərqərar etmək olar?”, “Sülh haqqında hansı əsərləri oxumusunuz?”, “Sülh quşu hansı quşdur?”, “Hansı sülhməramlı beynəlxalq təşkilatları tanıyırsınız?” və s. kimi suallarla müraciət olundu. Suallara düzgün cavab verən iştirakçılara kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı, maraqlı kitablar, üzərində sülh rəmzi – göyərçin şəkli yapışdırılmış şarlar hədiyyə edildi. Uşaqlar öz cavablarında bildirdilər ki, sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Onlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusundadırlar. Müharibə edərək uşaqları bunlardan məhrum edən dövlətləri, insanları lənətlədilər. Çünki hələ də ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanlarına çevrilməkdədir. “Sülh sənin, mənim, hamımız üçün” devizi altında təşkil olunmuş dialoqda Sülh nədir? - sualı belə cavablandırıldı: Sülh - azadlıq, bərabərlik və ədalət; Sülh - hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri; Sülh – uşaqların hər zaman ən ülvi arzusu.