12 oktyabr 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının incəsənət və kütləvi işlər şöbəsi Ümumdünya Təbəssüm günü ilə bağlı “Xoşbəxt gün keçirin – gülümsəyin” adlı tədbir keçirdi. Tədbirdə Era tam orta ümumtəhsil məktəbinin dördüncü sinif şagirdləri, kitabxananın uşaq teatr studiyasının üzvləri, kitabxana əməkdaşları iştirak edirdi. Kitabxanaya ilk dəfə gələn uşaqlar kitabxana ilə tanış oldular. Tədbir məlumatlandırıcı xarakter daşıyırdı. Uşaqlar smayliklərin yaranması, yayılması haqqında maraqlı məlumatlar eldə etdilər, çarxlı video slaydı və təşkil olunmuş sərgini izlədilər və “Smaylik ailəsi” müsabiqəsində iştirak etdilər. Kitabxanada fəaliyyət göstərən uşaq teatr studiyasının üzvləri qonaqlar üçün maraqlı rəqs nümayiş etdilər. Tədbirin sonunda bütün iştirakçılara “Göy Qurşağı” uşaq jurnalı və maraqlı hədiyyələr verildi.Qeyd edək ki, bu gözəl bayrama görə XX əsrin ortalarında ABŞ-da yaşamış rəssam Harvi Bola borcluyuq. Rəssamın yaradıcılığı bir o qədər də diqqətəlayiq olmayıb. Amma bir gün “State Mutual Life Assurance Company of America” sığorta şirkətinin nümayəndələri şirkətin vizit kartı kimi hər hansı yaddaqalan parlaq bir rəmz düşünüb tapmaq xahişi ilə rəssama müraciət edir. Harvi Boll çox düşünmədən hazırda internet istifadəçilərinin bir nəfər kimi “smaylik” adlandırdıqları gülümsəyən sarı sifəti sifarişçilərə təklif edir. Bu hadisə 1963-cü ildə baş verib. İşi qəbul edən sifarişçilər H.Bola 50 dollar ödəyir və gülümsəyən sifət şəklində döş nişanı hazırlayaraq şirkətin heyətinə paylayırlar. Bu cür vizit kartının qazandığı uğur bütün gözləntiləri kölgədə qoyur. Şirkətin müştəriləri yenilikdən vəcdə gəlirlər. Cəmi bir neçə ay ərzində on mindən çox belə nişan hazırlanır. Gülümsəyən sifət tezliklə köynək, zərf, açıqca və kibrit qutuları üzərində görünməyə başlayır. Hətta ABŞ-ın poçt idarəsi üzərində bu simvol olan marka buraxır.Dünya Təbəssüm Günü ilk dəfə 1999-cu ildə qeyd olunub. Rəssam hesab edirdi ki, bu gün xoş ovqata həsr olunmalıdır. Günün devizi olan “Do an act of kindness. Help one person smile” sözləri təxminən belə tərcümə olunur: “Xeyirxah iş gör. Heç olmasa, bir təbəssümün yaranmasına kömək et”. O vaxtdan könüllülər bu bayramı müxtəlif aksiya və fleşmoblarla qeyd edirlər.