F.Köçərli adına Respublika Uşaq Kitabxanası 21 noyabr 2016-cı il tarixində Uşaq kitabxanalarında “Nağıl otaq”larının fəaliyyətinin təkmilləşdirilməsi və nağıl otaqlarında informasiya texnologiyalarının tətbiqi ilə bağlı Ağstafa, Qusar, Şamaxı, Ağsu, Zərdab, Gədəbəy, Ağdaş, Xaçmaz, Cəlilabad, Xızı MKS direktorlarının, mərkəzi kitabxananın uşaqlara xidmət şöbəsinin əməkdaşları üçün seminar-məşğələ keçirdi. Seminarın birinci günündə iştirakçılar kitabxananın bütün şöbələri və kitab sərgiləri ilə yaxından tanış oldular. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova uşaq dünyasında kitabxananın rolundan, keçirilən layihələrdən söhbət açdı. İnformasiya texnologiyalarının tətbiqi ilə bağlı uşaq bağçaları, məktəblər ilə aparılan səyyar xidmətdən, kitabxanalararası abonementin düzgün təşkilindən, ailəvi abonement, əlil uşaqlar, evdə məktəb və leykoz xəstəliyi olan uşaqlar üçün hazırlanmış xüsusi proqramdan və s. maraqlı söhbət etdi. Sonra “Nağıl otaq”larının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış edərək bildirdi ki, informasiyalaşdırılmış cəmiyyətə keçidlə əlaqədar olaraq kitabxanaların əhaliyə xidmət formaları zamanın tələbinə uyğun dəyişdirilməlidir. Çünki bu günün uşağı gələcəkdə bu resursların istifadəçisidir və uşağın gələcəkdə bu resurslardan necə istifadə etməsi kitabxanaçıdan bilavasitə asılıdır. Nağıl otaqlarında oxuculara xidmət işinin təşkili metodları, kitabxana dərslərinin təşkili hazırlanmış çarxlı slaydlarla seminar iştirakçılarına təqdim olundu. Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin müdiri Nazilə Tahirova şöbənin fəaliyyətindən, hazırlanmış və çap olunmuş biblioqrafiyalardan və elektron məlumat bazalardan geniş söhbət açdı. Elmi metodika şöbəsinin müdiri Ruhiyyə Məmmədli “İnformasiya cəmiyyətində uşaq kitabxanalarının rolu” adlı çıxışında şöbə tərəfindən hazırlanmış metodik vəsaitlərdən, əlamətdar və tarixi günlər təqvimindən ətraflı danışdı, hazırlanmış metodik vəsaitlərdən seminar iştirakçılarına təqdim edildi.Seminar-məşğələlər üç gün ərzində keçiriləcəkdir.