26 may 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialının əməkdaşları Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 saylı məktəbin I-III sinif şagirdləri ilə birgə vətənpərvərlik mövzusunda “Torpaq – uğrunda ölən varsa Vətəndir!!” adlı tədbir keçirdilər. Tədbir 28 may – Respublika Gününə həsr olunmuşdu. Tədbirdə həmin məktəbin şagirdləri, kitabxana əməkdaşları, müəllimlər, valideynlər iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq bildirdi: Vaxtilə xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: “Bizim hamımızın bir Vətəni var. Bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”. Vətənimizi sevməli, torpaqlarımızı göz bəbəyi kimi qorumalıyıq. Elə etməliyik ki, Vətən bizə övlad deyə bilsin. Hərbi – vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə məqsədəuyğun müvəffəqiyyət əldə etmək üçün məktəblərlə yanaşı informasiya ocağı olan kitabxanalar da çox böyük işlər görür. Bu günki tədbir də məhz bunun nəticəsidir. Sonra söz şagirdlərə verildi. Onlar Əli Səmədlinin “Torpaqdan pay olmaz” nağılını, Ə.Cəmilin “Can nənə bir nağıl de” şeirini səhnələşdirilmiş şəkildə təqdim etdilər. Vətən, torpaq haqqında ürəkləri titrədən şeirlər söylədilər, mahnılar oxudular. Böyük ruh yüksəkliyi ilə ədəbi bədii kompozisiyanı təqdim edən balacalar Vətənə, Torpağa, Azərbaycanımıza daim sadiq qalacaqları barədə and içdilər. Tədbir boyunca iştirakçılar vətənpərvərlik tərbiəsinə həsr olunmuş video çarxlı slaydları və “Gözlə bizi, Qarabağ” adlı kitab sərgisini izlədilər. Tədbirin sonunda bütün iştirakçılara kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi, xatirə şəkli çəkildi.