23 fevral 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında İncəsənət və Kütləvi işlər şöbəsinin təşkil etdiyi “Göy qurşağı” jurnalının yubileyi ilə əlaqədar “Addim-addim yubileyimizə yaxınlaşaq” tədbir çərçivəsində “Göy qurşağı düş aşağı, bəzə məni rənglərə” adlı tədbir keçirildi. Tədbirdə Dünya Məktəbinin III sinif şagirdi Cavid Qurbanlının rəsm əsərləri və heykəltaraşlıq nümunələri nümayiş olunurdu. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq bildirdi ki, respublikamızda uşaqlara, gənclərə böyük diqqət və qayğı göstərilir. Onlar arasında müxtəlif rəsm müsabiqələrinin keçirilməsi, gənc istedadların üzə çıxarılması və hər cür dəstək göstərilməsi bu diqqətin bariz nümunəsidir. Kitabxanamızda yaradıcı oxucularımızın fərdi sərgilərinin təşkil olunması artıq mütəmadi hal almışdır. O, Cavidə gələcək fəaliyyətində uğurlar və yeni-yeni nailiyyətlər arzuladı. Cavid Qurbanlının 9 yaşı var. Dünya məktəbinin üçüncü sinfində təhsil alır. Rəssamlığa böyük marağı onu EmArt Studiyasına gətirib çıxarıb. Bu istedadlı oğlanın çox maraqlı fantaziyası var. Onun əl işləri, çəkdiyi rəsmlər məktəb sərgilərində, tədbirlərdə nümayiş etdirilib. Ən böyük arzusu isə fərdi sərgisinin nümayişi olub. Balaca rəssam artıq öz arzusuna qovuşdu. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Cavidin ilk fərdi sərgisi açıldı. Sərgidə balaca rəssamın heykəltaraşlıq üzrə əl işləri və rəsm əsərləri nümayiş olunurdu. Onları seyr etdikcə sanki Cavidin özünəməxsus rəsm dünyasının sehrinə düşürsən. Müxtəlif fiqurlardan ibarət əl işləri onun maraq dünyasının zənginliyindən xəbər verir. Açılış mərasiminə toplaşan Dünya məktəbinin şagirdləri, yaşıdları Cavidin təkcə sərgisini deyil, həmçinin kitabxana əməkdaşlarının hazırladığı Cavidə həsr olunmuş video carxlı slaydı da izlədilər. Dostları onu ilk fərdi sərgisi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzuladılar. Tədbir boyunca Dünya məktəbi şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi, mahnılar oxundu. Balaca rəssamın valideynləri Cavid Qurbanlının fərdi sərgisinin təşkil olunmasında əməyi keçənlərə öz minnətdarlığını bildirdi. Sonra sərgiyə baxış oldu. Cavid hər bir əsəri ilə bağlı söylədiyi maraqlı mülahizələri ilə tədbir iştirakçılarını heyran etdi.