25 aprel 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşları öz oxucuları ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, dedektiv romanlar ustası kimi tanınan Elxan Elatlı ilə görüş keçirdi. Tədbirdə Bakı Slavyan və Pedaqoji Universitetin tələbələri, valideynlər, yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq yazıçı haqqında qısa məlumat verdi və bildirdi ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası 2011-ci ildə Elxan Elatlını “ İlin ən çox oxunan yazıçısı” elan etmişdir. Elxan Elatlı bizim oxucumuz kimi hər zaman kitabxanada, kitabsevərlərin arasındadır. Bu gün təqdimatına yığışdığımız və kitabxanaya yeni daxil olmuş “Xəstə ruhlar” romanında artıq geniş oxucu kütləsi tərəfindən sevilib qəbul edilmiş xəfiyyə Qanbay Qasımlı yenidən oxucuların görüşünə gəlmişdir. Roman təxminən yüz əlli illik bir dövrü əhatə etdiyi və bu dövrdəki hadisələrin təsvirinə detektiv janrın tələblərilə yanaşıldığı üçün bir qədər mürəkkəb görünə bilər. Lakin, ustalıqla qələmə alınmış bu əsərin də Elxan Elatlının digər əsərləri kimi maraqla, birnəfəsə oxunacağına əminik. Tədbirdə oxucular yazıçı haqqında hazırlanmış çarxlı video slaydı izlədilər, sonra isə “Xəstə ruhlar”, “Xəyanət” və “Qisas gecəsi” kitabları əsasında hazırladıqları sualları yazıçıya təqdim etdilər, şeirlər söylədilər. Oxucuların sual-cavabı əsasında diskussiya oldu. Tədbir yeniyetmələrdə vətənpərvərlik hissi aşılamaqla yüksək səviyyədə keçdi. Tədbirin sonunda “Vətənpərvər kimdir?” adlı rəy sorğusu oxucular tərəfindən cavablandırıldı.