Noyabrın 25-də Milli Kitabxanada Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abdulla Şaiq Talıbzadənin anadan olmasının 135 illiyinə həsr olunan “Abdulla Şaiq. Biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. “Abdulla Şaiq. Biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron məlumat bazası F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində tərtib olunub. Təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov A.Şaiqin həyat və yaradıcılığı barədə məlumat verib, rəyçisi olduğu bu nəşrin nəfis tərtib olunduğunu diqqətə çatdırıb. Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova biblioqrafik göstəricinin tədqiqatçı alimlər, müəllimlər, tələbələr və ümumiyyətlə kitabsevərlər üçün dəyərli vəsait olduğunu deyib. Bildirib ki, A.Şaiqin F.Köçərli adına RUK-un əməkdaşları tərəfindən tərtib edilən biblioqrafiyası şaiqşünaslara və şaiqsevərlərə istifadə baxımından boyük tövhədir. Ş.Qəmbərova onu da qeyd etdi ki, ədibin həyat və yaradıcılığı ilə əlaqəli 1978-ci ilə qədər faktlar dərc olunan ilk biblioqafiya 1985-ci ildə nəşr olunub. Bu fundomental biblioqrafik vəsaitdə A.Şaiqin həyatı və ədibin fəaliyyətinə dair 1906-2016-cı illərin faktları əhatə olunub. Göstərici 4 hissədən ibarətdir. “Abdulla Şaiq” fundomental biblioqrafiyasının əhəmiyyətli cəhətlərindən biri də ənənəvi çap məhsulları ilə yanaşı, görkəmli ədibin Mənzil Muzeyində qorunan qiymətli fond materiallarının, əlyazmalarının, məktublarının və şəxsi arxiv sənədlərini də əhatə etməsi və həmin materialların biblioqrafiyaya əlavələr şəklində verilməsidir. Sonra çıxış edən Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev görkəmli şair Abdulla Şaiq və biblioqrafik kitabla bağlı fikirlərini bölüşüb. Nəşrin ön sözünün müəllifi f.e.d professor Alxan Bayramoğlu A.Şaiqin bədii və elmi-ədəbi irsi özünün hərarətli vətəndaşlıq duyğusu, qanadlı və nikbin romantik vüsəti, işıqlı sabaha sarsılmaz inamı, soykökə möhkəm genetik tellərlə bağlılığı ilə milli ruh və mənəviyyatımıza bu gün də işıq saldığını bildirib. A.Şaiq sənətinin əbədiyaşarlığının sirri, sehri də elə onun bu keyfiyyətlərindəndir. Biblioqrafiyanı hazırlayan müəlliflər qeyd ediblər ki, iş prosesində bütün bu göstərilən və qeyd edilən çətinliklərlə (əlifba ilə bağlı və s.) qarşılaşıblar. Ancaq onların vətəndaşlıq fədakarlıqları, iş təcrübələri, səriştə, səbr və elmi-nəzəri hazırlıq keyfiyyətləri, məsuliyyət və öz əməyinə hörmət hissi həmçinin oxucu və tədqiqatçıların dadına çatmaq, onların əməklərini yüngülləşdirmək duyğusundan aldıqları zövq və mənəvi-əxlaqi rahatlıq duyğusu və s. bütün bu maneələrin aradan qaldıraraq uğurlu bir nəşrin ərsəyə gətirilməsinə stimul olub. Tədbirdə “525-ci” qəzetin baş redaktoru, yazıçı-publisist Rəşad Məcidin, Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadənin, BDU-nun kitabxanaçılıq və informasiya fakultəsinin kafedra müdiri dosent Nadir İsmayılovun, AMEA-nın Elmi Kitabxanaın direktoru Leyla İmanovanın və digər ziyalıların A.Şaiq və biblioqrafik vəsaitlə bağlı çıxışları dinlənildi. Tanınmış xanəndə Firuz Səxavətin ifasında Abdulla Şaiqin qəzəllərindən ibarət olan musiqi nömrəsi tədbir iştirakçılarında xoş ovqat yaradıb. Uşaqların ifasında Abdulla Şaiqin şerləri dinlənildi.Abdulla Şaiqin Ev Muzeyinin müdiri, ədibin nəvəsi Ülkər Talıbzadə böyük sevinc hissilə çıxış edərək biblioqrafik göstərici haqqında öz fikirlərini ifadə edib və Abdulla Şaiq ailəsi adından tədbir təşkilatçılarına, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə və əməkdaşlarına, Milli Kitabxananın rəhbərliyinə dərin minnətdarlığını bildirdi. Sonda tədbir iştirakçılarına kitab hədiyyə edildi və xatirə şəkilləri çəkildi.