20 noyabr 2026-cı il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 saylı Körpələr Evinin uşaqlarının iştirakı ilə 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Qeyd edək ki, Ümumdünya Uşaq Hüquqları Günü 1959-cu il noyabrın 20-də BMT Baş Məclisi tərəfindən Uşaq Hüquqları Bəyannaməsinin, 1989-cu il noyabrın 20-də isə Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsi ilə əlaqədar olaraq hər il qeyd olunur. Bu günün əsas məqsədi uşaqların hüquqlarının qorunmasına, onların rifahının təmin edilməsinə və cəmiyyətdə uşaq hüquqları ilə bağlı məlumatlılığın artırılmasına diqqət çəkməkdir.
Tədbir zamanı uşaqlar əvvəlcə uşaq hüquqlarına həsr olunmuş kitab sərgisi ilə tanış olub, daha sonra kitabxananın yeni nəşrlərinə baxış keçiriblər. Sərgidə nümayiş olunan ədəbiyyat vasitəsilə onlara hər bir uşağın yaşamaq, təhsil almaq, sağlam mühitdə böyümək, qayğı və müdafiə ilə təmin olunmaq, eləcə də öz fikrini sərbəst ifadə etmək hüququ barədə məlumat verilib.
Daha sonra uşaqların yaş xüsusiyyətləri, maraq və mütaliə seçimləri nəzərə alınaraq onların sevdikləri kitablar əsasında oxu saatı təşkil edilib. Müxtəlif janrlarda olan kitablarla tanışlıq uşaqlarda mütaliəyə marağın artırılması, kitab sevgisinin aşılanması və mütaliə vərdişlərinin inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyıb.
Tədbirin davamında kitabxana əməkdaşı tərəfindən kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim keçirilib. Təlim zamanı uşaqlara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, internetdən düzgün istifadə, şəxsi məlumatların qorunması və onlayn mühitdə qarşılaşa biləcəkləri risklər barədə məlumat verilib. Eyni zamanda, internetdən istifadə zamanı diqqətli olmağın və təhlükəli hallarla qarşılaşdıqda böyüklərə müraciət etməyin vacibliyi vurğulanıb.
Tədbirin əsas məqsədi uşaqların hüquqları barədə məlumatlılığını artırmaq, onların mütaliəyə marağını təşviq etmək, həmçinin rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqlarının formalaşmasına dəstək göstərmək olub.


