24 iyun 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Məhəmməd Səid Ordubadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müəllimi Zarina Tağıyeva, Məhəmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktoru Məsimə xanım İbadi, şəhid kapitan Əli Abbasquluzadənin anası Nəzakət xanım Abbasquliyeva və kitabxananın əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf tarixinə nəzər salınıb, ordumuzun ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində qazandığı uğurlardan bəhs edilib. Həmçinin Vətən müharibəsində və digər döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimizin şərəfli ömür yolundan, onların igidlik və vətənpərvərlik nümunələrindən danışılıb.
Tədbir çərçivəsində Azərbaycan Ordusunun tarixi qələbələrini, eləcə də şəhidlərimizin qəhrəmanlıq salnaməsini əks etdirən slayd təqdimatı nümayiş olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, Azərbaycan Ordusunun şərəfli tarixi, qəhrəmanlıq ənənələri və ölkəmizin müdafiə qüdrəti barədə geniş məlumatların çatdırılması olub.