13 noyabr 2026-cı il tarixində Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və region kitabxanalarının iştirakı ilə “Kitabın işığında: məktəblilər görüşür” adlı növbəti onlayn görüş keçirilib.
Onlayn görüş İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucuları və uşaq yazarı Sevinc Nuruqızıın iştirakı ilə baş tutub. İsmayıllı rayon məktəblərinin 4-cü və 7-ci sinif şagirdləri- fəal oxucular tədbirə qoşulublar.
Görüş zamanı yazıçı uşaq ədəbiyyatının əhəmiyyəti, yaradıcılıq fəaliyyəti və mütaliənin uşaqların inkişafındakı rolu barədə danışaraq iştirakçıları mütaliəyə təşviq edib.
Tədbirə qoşulan “İdrak” liseyinin şagirdləri Sevinc Nuruqızının “Melisa” kitabının motivləri əsasında hazırladıqları səhnə təqdimatını nümayiş etdirərək əsərin obraz və hadisələrini canlandırıblar. Təqdimat iştirakçıların marağına səbəb olub.
Layihənin əsas məqsədi məktəbliləri müasir Azərbaycan uşaq ədəbiyyatı ilə yaxından tanış etmək, onların mütaliəyə marağını artırmaq, eləcə də paytaxt və region oxucuları arasında ədəbi-mədəni əlaqələri gücləndirməkdir. Layihə çərçivəsində keçirilən görüşlər gənc oxucuların yazıçılarla birbaşa ünsiyyət qurmasına, ədəbiyyata və kitab oxumağa maraq göstərməsinə şərait yaradır.

