May ayının 5-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı Modern Sağlamlıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı maarifləndirici tədbiri baş tutub. Tədbirdə qonaq qismində psixoloq-konsultant Həcər Soltanova, həkim-mama-ginekoloq Firuzə İmanova, həkim-genetik Azadə Əliyeva, həkim-pediatr Nübar Dəmirli, vəkil Rəsul Hüseynov, yazıçı-naşir Çinarə Köçərli, defektoloq-loqoped Mahizər Eyvazova, psixoloqlar Vüsalə İbayeva və Milan Quliyeva, loqoped Fidan Həmidov, MBT mütəxəssisi Elnur İsmayılov və digər qonaqlar iştirak ediblər.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında bildirib ki, uşaqların inkişafına dəstək məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. Autizm sindromlu uşaqlarla bağlı tədbirlərin keçirilməsi sadəcə maarifləndirmə deyil bu cür fəaliyyətlər həm uşaqlar, həm ailələr, həm də cəmiyyət üçün real və uzunmüddətli faydalar yaradır. İlk növbədə, bu tədbirlər cəmiyyətdə anlayış və qəbulun artmasına kömək edir. Autizm spektr pozuntusu haqqında məlumat artdıqca insanlar fərqli davranışları daha düzgün qarşılayır və damğalama azalır. O, həmçinin oxu terapiyası metodlarından istifadə edilməsinin zəruriliyini vurğulayıb. Vəkil Rəsul Hüseynov çıxışında Uşaq Hüquqları Haqqında Konvensiyanın əsas prinsipləri – ləyaqət və bərabərlik, ailənin rolu, xüsusi müdafiə, habelə sağlamlıq imkanları məhdud uşaqların təhsili məsələləri barədə ətraflı məlumat verib. Həkim-genetik Azadə Əliyeva isə “Autizm Nədir?” mövzusunda çıxış edərək autizmli uşaqların cəmiyyətdəki fərqliliyi, onların qəbulu və dəstəklənməsi yollarını müzakirəyə çıxarıb.“Ting” nəşriyyatının rəhbəri, yazıçı-naşir Çinarə Köçərli autizmli uşaqların ev şəraitində təliminə dair kitablar təqdim edərək bu sahədəki mövzulara toxunub.
Tədbir maarifləndirici xarakter daşıyıb, iştirakçılar tərəfindən inklüziv cəmiyyətin qurulmasında hüquqi, psixoloji və pedaqoji dəstəyin əhəmiyyəti vurğulanıb.