17 iyun 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının görkəmli şairi, yazıçı, dramaturq və maarif xadimi Abdulla Şaiqin anadan olmasının 145 illiyi münasibətilə “Söz dünyasına səyahət” adlı tədbir keçirilib.
Tədbirdə 83, 187 nömrəli tam orta məktəbin şagird və müəllim heyəti, Abdulla Şaiq ev-muzeyinin rəhbəri, ədibin nəvəsi Ülkər Talıbzadə, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM)-in direktoru Qəti Lalə, Nizami adına Ədəbiyyat İnstitutunun uşaq ədəbiyyatı şöbəsinin dosenti fil.ü.f.d.İlhamə Ağazadə, uşaq yazıçıları Solmaz Amanova, Gülzar İbrahimova və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqları salamlayaraq Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdiyini bildirib. O qeyd edib ki, böyük ədibin əsərləri bu gün də öz aktuallığını qoruyur, uşaqların mənəvi dünyasının formalaşmasında mühüm rol oynayır. Direktor kitabxana tərəfindən milli ədəbi irsin təbliği və gənc nəslin klassik ədəbiyyat nümunələri ilə yaxından tanış olması istiqamətində həyata keçirilən layihələrə xüsusi önəm verildiyini vurğulayıb.
Ədibin nəvəsi Ülkər Talıbzadə çıxışında qeyd edib ki, “Abdulla Şaiq ömrünü xalqının maariflənməsinə, uşaqların savadlı və vətənə layiqli vətəndaş kimi yetişməsinə həsr etmiş böyük ziyalılardan biridir. Onun əsərlərinin bu gün də uşaqlar tərəfindən sevgi ilə oxunması və səhnələşdirilməsi yaradıcılığının daim yaşadığını göstərir. Belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərimizə bağlı ruhda formalaşmasında mühüm rol oynayır”. O, həmçinin F. Köçərli adına Respublika Uşaq Kitabxanasına Abdulla Şaiqin 145 illik yubileyi münasibətilə keçirilən tədbirə və yaradılmış elektron məlumat bazasına görə təşəkkürünü bildirərək bu cür layihələrin böyük ədiblərin irsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM)-in “Çiçəyim” uşaq teatrının dərnək üzvləri Abdulla Şaiqin yaradıcılığından nümunələr təqdim ediblər. Uşaqlar “Tülkü həccə gedir”, “Həpimiz bir günəşin zərrəsiyik”, “Altın oğlu”, “Lay-lay”, “Ana” və “A gülüm” əsərlərini səsləndirmiş, həmçinin “Tık-tık xanım” kompozisiyasını təqdim ediblər.
Tədbir çərçivəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli Ədəbiyyatın Təbliği Şöbəsi tərəfindən hazırlanmış Abdulla Şaiqin 145 illiyinə həsr olunmuş elektron məlumat bazasının təqdimatı olub. Virtual oxucuların istifadəsinə təqdim edilən e- resurs 12 bölmədən və yarım bölmələrdən ibarət olmaqla, ədibin zəngin yaradıcılıq irsini sistemli və əlçatan formada təqdim edir.
Elektron məlumat bazasında “Həyat və yaradıcılığı”, “Əsərləri”, “Tərcümələri”, “Müdrik deyimləri”, “Sözlərinə yazılmış mahnılar”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” kimi bölmələr yer alıb. Resursun əsas məqsədi Abdulla Şaiqin çoxşaxəli yaradıcılığını geniş oxucu auditoriyasına, xüsusilə gənc nəslə və tədqiqatçılara çatdırmaqdır. Ümumilikdə elektron məlumat bazaya 675 e-resurs daxil edilib.
“Söz dünyasına səyahət” tədbirinin əsas məqsədi Abdulla Şaiqin zəngin ədəbi irsinin təbliği, uşaqlarda mütaliə mədəniyyətinin və milli ədəbiyyata marağın artırılması, həmçinin ədibin yaradıcılığının gələcək nəsillərə daha əlçatan və müasir formatda təqdim edilməsinə töhfə vermək olub.