12 noyabr 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında yazıçı Zahirə Cabirin “Səndəli, Fəli, Şəli” adlı qaravəlli kitabının təqdimatı keçirilib. Tədbirdə 258 nömrəli məktəbin şagirdləri, müəllimləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra yazıçı Zahirə Cabir çıxış edərək uşaqlarla səmimi söhbət aparıb, “Səndəli, Fəli, Şəli” kitabının yazılma məqsədi, əsas mövzuları və obrazları haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, əsərin əsas qayəsi uşaqlarda mehribanlıq, dostluq və mərhəmət kimi dəyərləri formalaşdırmaqdır.
Təqdimat zamanı “Səndəli, Fəli, Şəli” kitabının məzmununu və əsas ideyasını əks etdirən süniintelleklə çəkilmiş animasiya nümayiş etdirilib. Şagirdlər videoçarxı maraqla izləyib, kitab haqqında təəssüratlarını bölüşüblər.
Uşaqların böyük maraqla qatıldığı görüşdə yazıçı oxucularla səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və kitab oxumağın əhəmiyyətindən danışaraq şagirdləri daim mütaliəyə həvəsləndirib.
Sonda yazıçı Zahirə Cabir imza saatı keçirtməklə onlara xoş xatirə bəxş edib.