27 yanvar 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İncəsənət inciləri” layihəsi çərçivəsində “Gözəllik mücəssəməsi – Leyla Bədirbəyli” adlı tədbir keçirilib.
Tədbirdə kitabxananın əməkdaşları tərəfindən Xalq artisti, Dövlət mükafatı laureatı L.Bədirbəyli və onun teatr, kino yaradıcılığı haqqında videogörüntü təqdim edilib. Beləcə, ağ-qara foto və video kadrlarda həm nostalgiya yaşanıb, həm də bir sənətkar ömrünün yaddaqalan və kövrək məqamları vərəqlənib. “Arşın mal alan” operettasından Gülçöhrənin (Leyla Bədirbəylinin ifasında) ariyası da kadrlarda nümayiş olunub. Leyla Bədirbəylinin sevə-sevə ölümsüzlük bəxş etdiyi qadın qəhrəmanlarının kinoekrandan “boylanan” kadrları izləndikcə onun aktrisa kimi fitri istedad və özünəməxsus ustalığı yenidən alqışlanıb.
İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz obrazlar yaradıb.